ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbə və məzunlarının şəbəkələşmə toplantısı keçirilib
Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasındakı ikili diplom magistr proqramının tələbə və məzunlarının şəbəkələşmə toplantısı təşkil edilib.Şəbəkələşmə toplantısında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, nazir müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, ADPU-nun rektoru, prof. Cəfər Cəfərov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, ADPU-nun prorektorları dos. Eldar Aslanov və Könül Pirverdiyeva, ikili diplom proqramının menecerləri Sevinc Məmmədova və Tofiq Əhmədov, CVU-nun fakültə dekanı, doktor Maykl Foyer, fakültənin professoru Kolin Qrin, eləcə də proqramda dərs keçən xarici müəllimlər, tələbə və məzunlar iştirak ediblər.
Qeyri-rəsmi formatda keçirilən toplantıda elm və təhsil naziri Emin Əmrullayev proqramın Azərbaycan təhsilinin inkişafı üçün peşəkar təhsil liderlərinin yetişdirilməsindəki önəminə toxunaraq, tələbə və məzunlara uğurlar arzulayıb, onların yaratdığı şəbəkənin davamlı olmasını arzulayıb.
ADPU-nun rektoru, prof. Cəfər Cəfərov və CVU-nun dekanı Maykl Foyer də öz növbələrində proqramın icrasından və qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Daha sonra tələbə və məzunların fikirləri dinlənilib, onların real iş mühitində qazandığı nailiyyətlər, proqramın onların peşəkar fəaliyyətlərinə təsirləri ətrafında səmimi müzakirələr aparılıb.
Qeyd edək ki, ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 31 yanvar 2020-ci ildə ADPU və CVU arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir.
Tarix: 18-01-2024, 22:44