UNEC-də qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) hər il olduğu kimi, bu il də imtahan sessiyası dövründə rektor Ədalət Muradovun “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə UNEC İctimai Nəzarət Şurasının üzvləri, Milli Məclisin deputatı Etibar Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və müvafiq struktur rəhbərləri iştirak ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, qəbula yazılan tələbələrin və onların valideynlərinin müraciətləri təhsil haqqı, imtahanlarda intizam qaydalarının pozulması ilə bağlı olub. İmtahanlarda qaydaların pozulması ilə bağlı müraciət edən tələbələrin diqqətinə çatdırılıb ki, bu məsələdə intizam qaydalarının tələblərinə riayət etmək vacibdir. Təhsil haqqı barədə müraciət edən tələbə və onun valideyninə isə mümkün dəstəyin göstərilməsi üçün imkanların araşdırılacağı bildirilib.
Sonra şura üzvlərinə imtahan prosesi və imtahan qaydalarındakı dəyişiklik barədə məlumat verilib. Bildirilib ki, cari tədris ilindən UNEC-də intizam pozuntusu ilə bağlı tətbiq edilən yeni yanaşmadan sonra imtahan zamanı köçürmə və əlavə vasitələrdən istifadə kimi neqativ halların sayı kəskin azalıb. Belə ki, ötən tədris ilinin payız semestrinin imtahan sessiyasında 806 intizam pozuntusu olduğu halda, cari sessiyanın ilk 8 imtahan günü ərzində cəmi 67 belə fakt aşkarlanıb.
Tarix: 13-01-2024, 19:47