Tədqiqat: ikinci dilin öyrənilməsi beyində əlaqələri dəyişdirir
Bunun sayəsində insan yeni bilikləri daha tez mənimsəyir
Maks Plank adına Koqnitiv Tədqiqatlar və Beyin Elmləri İnstitutundan (Almaniya) olan neyropsixoloqlar komandası müəyyən edib ki, böyüklər yeni dili mənimsədiyi zaman beyinlərinin neyronlararası əlaqələrində əhəmiyyətli dəyişikliklər baş verir. Tədqiqat "Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
Mütəxəssislər Almaniyaya köçən ərəbdilli insanlar üçün dil kursları təşkil ediblər. 59 iştirakçı təlim başlayanda, üç aydan sonra və altı aydan sonra, yəni kursun ortasında və sonunda maqnit-rezonans tomoqrafiyadan keçib.
Alimlər əldə edilmiş yüksəkkeyfiyyətli görüntüləri müqayisə edəndən sonra belə qənaətə gəliblər ki, beyinin ağ maddəsindəki dil şəbəkəsindəki neyronlararası əlaqələr güclənib, dil öyrənmə prosesi zamanı sağ yarımkürədə isə əlavə sahələrin iştirakı müşahidə edilib.
“Yeni sözlərin öyrənilməsi hər iki yarımkürədə, xüsusən də təlim proqramının ikinci yarısında, təsdiqetmə mərhələsində leksik və fonoloji altşəbəkələri gücləndirib", — deyə neyropsixoloqlar qeyd ediblər.
Buna paralel olaraq, alimlər beyinin sağ və sol yarımkürələri arasında əlaqələrin azalmasını müşahidə ediblər. Mütəxəssislərin fikrincə, bu ona görə baş verir ki, ikinci dilin öyrənilməsi zamanı dil funksiyasının cəmləşdiyi sol tərəfin sağ tərəf üzərində nəzarəti zəifləyir. Beləliklə, əldə olunan biliklərin mənimsənilməsi üçün yeni resurslar yaranır.
Tarix: 12-01-2024, 19:15