Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Aşqarlar Kimyası İnstitutunda ekskursiyada olan məktəblilər diplomlarla təltif ediliblər



“Heydər Əliyev İli” çərçivəsində Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ekskursiya edən Bakı məktəblərindən istedadlı və fəallıqları ilə seçilən şagirdlər təltif ediliblər.
Bu barədə institutun Elmi şurasının iclasında icraçı direktor kimya elmləri doktoru, professor Əfsun Sucayev məlumat verib. Bildirib ki, Sabunçu rayon 192 saylı orta məktəbin şagirdləri institutun laboratoriyalarındakı müasir fiziki-kimyəvi cihazlarla və aparılan elmi tədqiqatlarla yaxından tanış olublar. Məktəbin 8-ci sinif şagirdləri Aysel Seyidova və Zeynəb Quliyeva Aşqarlar Kimyası İnstitutunun görkəmli alimləri olmuş akademiklər - Əli Quliyev və İzzət xanım Orucova haqqında maraqlı təqdimatla çıxış ediblər.
Sonra şagirdlərə diplomlar təqdim olunub.
İclasda hazırda təhsilini davam etdirən doktorant və dissertantların attestasiyasından danışan Əfsun Sucayev bildirib ki, elmin inkişafının hazırkı yenilənmə mərhələsi dünyanın müasir tələblərinə və ölkəmizdə yaradılan yeni reallıqlara uyğunlaşdırılmalıdır. O, bunun üçün elmi-tədqiqat müəssisələrində, o cümlədən Aşqarlar Kimyası İnstitutunda yüksəkixtisaslı kadr hazırlığı sahəsində səmərəliliyin artırılması istiqamətində keyfiyyət dəyişikliklərinə önəm verilməli olduğunu söyləyib.
“Bu nöqteyi-nəzərdən elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər bir mütəxəssis elmi işini yüksək səviyyədə yerinə yetirib müvafiq elmi dərəcə qazanmaqla, çalışdığı instituta, eyni zamanda, bütövlükdə ölkəmizə, dövlətimizə, millətimizə fayda gətirmiş olur. Dissertasiya işi müdafiə etməyə yalnız öz şəxsi məsələniz kimi baxmamalısınız. Bu, həm də ümumi məsələdir. İnstitut rəhbərliyi tərəfindən gənclərə hər zaman dəstək göstəriləcək, onlara maddi-texniki və informasiya dəstəyi veriləcək”, - deyə Əfsun Sucayev qeyd edib.
Daha sonra laboratoriyaların illik fəaliyyət planları, o cümlədən Ekspert şurasının yenilənmiş tərkibi təsdiqlənib və nizam-intizam məsələləri müzakirə edilib.





Tarix: 11-01-2024, 19:40

Xəbəri paylaş