Nazirlik: Təhsil arayışlarını elektron şəkildə əldə etmək mümkündür
Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən bir çox arayışlar elektron şəkildə təqdim olunur.
İstifadəçilər https://portal.edu.az/ portalının “Elektron arayışlar” xidməti vasitəsilə aşağıdakı arayış növlərini əldə edə bilirlər:
ali təhsil pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
peşə təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
Dövlət Proqramı əsasında xaricdə təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
Dövlət Proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;
müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.
Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. Belə ki, portal.edu.az-da qeydiyyatdan keçən istifadəçilər “Şəxsi kabinet”in elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsini seçərək müvafiq arayış növü üzrə müraciət göndərirlər. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.
Eyni zamanda, Elm və Təhsil Nazirliyinin rəsmi saytında elektron arayışın identifikasiya nömrəsi və müraciətçinin doğum tarixini yazmaqla sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.
Bununla yanaşı, ümumi və tam orta təhsil haqqında attestat, diplom və dövlət proqramları vasitəsilə xaricdə təhsil barədə məlumatlar qeyd olunan arayışları "myGov" portalından əldə etmək mümkündür.
Tarix: 11-01-2024, 19:35