Azərbaycan Texnologiya Universitetinin İctimai Şurasının ilk iclası keçirilib
Azərbaycan Texnologiya Universitetində əsası yeni qoyulmuş İctimai Şuranın (İŞ) ilk iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov İctimai Şura üzvlərini salamlayıb, universitetin gələcək fəaliyyətində rolunu vurğulayaraq əhəmiyyətindən danışıb.
İclasda 9 nəfərdən ibarət İŞ üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov, Kəpəz TV-nin Baş direktoru Fuad Cabarov, “Xalq Qəzeti”nin bölgə müxbiri Hamlet Qasımov, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Regional İnkişaf” İctimai Birliyinin (İB) Gəncə-Daşkəsən bölməsinin nümayəndəsi Aişə Osmanlı, “Təmas” Regional İnkişaf İB-nin sədri Südabə Məmmədova, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov iştirak edib.
İclas zamanı şuranın əsasnaməsi təqdim edilib, daha sonra üzvlərin seçimi ilə akademik Fuad Əliyev İctimai Şuranın sədri təyin edilib. Şuranın fəaliyyət planına uyğun olaraq üzvlər 2023/2024-cü tədris ilinin qış imtahan sessiyası ilə tanış olublar.
Tələbələrin diqqətinin yayınmaması üçün İŞ üzvləri imtahan prosesini onlar üçün ayrılmış otaqda monitorlar vasitəsi ilə izləyiblər. Tədris işləri üzrə prorektor Raqif Hüseynov imtahan sessiyasının təşkili ilə bağlı bəzi detalları şura üzvlərinin diqqətinə çatdırıb.
İŞ üzvləri imtahan zallarını monitordan izlədikdən sonra İmtahan Komissiyasının fəaliyyəti ilə yaxından tanış olublar, İmtahan Komissiyasının sədri Cəsarət Şabanov və Apellyasiya Komissiyasının sədri Mehman Kərimov ilə həmsöhbət olaraq daxil olan müraciətlərlə maraqlanıblar, cavabların yoxlanılması prosesini izləyiblər.
Qeyd edək ki, İctimai Şura ictimai rəyin əhəmiyyəti əsas götürülərək Gəncə universitetləri arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində yaradılıb.
Tarix: 11-01-2024, 19:21