Azərbaycan alimi ABŞ-ın nüfuzlu elmi jurnalının reytinq siyahısında birinci pilləyə yüksəlib
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Kamran Abdullayev ABŞ-da nəşr olunan “Şərqi Avropa və Mərkəzi Asiya araşdırmaları” jurnalının (Journal of Eastern European and Central Asian Research) beynəlxalq rəyçisidir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat sahəsində yüksək beynəlxalq impakt faktora malik “Şərqi Avropa və Mərkəzi Asiya araşdırmaları” jurnalı” 2014-cü ildən “Scopus” və “Web of Science” bazasına daxildir.
Jurnalın redaktoru və beynəlxalq redaksiya heyətinin üzvləri tərəfindən bütün rəyçilərə 2023-cü ildə onlara təqdim olunan iqtisadi məqalələri ingilis dilində elmi baxımdan düzgün təhlil etmələri, o cümlədən rəylərinin keyfiyyəti və obyektivliyi nəzərə alınmaqla təşəkkür bildirilib. Bununla yanaşı, jurnalın rəyçiləri arasında onların fəaliyyət göstərdiyi ölkələr və elmi təşkilatlar üzrə seçim edilərək beynəlxalq reytinq siyahısı tərtib olunub. Jurnalın 2023-cü ildə bütün dünya üzrə 40-a yaxın ölkədən 200-ə yaxın iqtisadçı rəyçisi var. Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Xidmət sferasının iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi iqtisadiyyat üzrə fəlsəfə doktoru dosent Kamran Abdullayev 2023-cü il üzrə bu reytinq siyahısında (həm ölkə, həm də təmsil etdiyi elmi-tədqiqat müəssisəsi üzrə) birinci pilləyə yüksəlib. Məhz buna görə də 2024-cü ildə onun bu jurnalın beynəlxalq elmi redaksiya heyətinə daxil edilməsi tövsiyə edilib.
Qeyd edək ki, Kamran Abdullayevin “Scopus” bazasına daxil olan elmi jurnallarda 5 məqaləsi var, H-indeksi göstəricisi 3-dür.
Tarix: 25-12-2023, 22:44
Xəbəri paylaş