BDU ilə Türkiyənin Hacettepe Universiteti arasında anlaşma memorandumu imzalanıb
Türkiyənin Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə BDU-nun rektoru Elçin Babayev universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib. Qeyd edilib ki, BDU qardaş Türkiyənin bir sıra nüfuzlu universitetləri ilə səmərəli əməkdaşlığa malikdir. BDU-da təhsil alan xarici tələbələrin də çoxu Türkiyədəndir. Onların əksəriyyəti hüquq və psixologiya ixtisaslarına meyil göstərirlər. Rektor E.Babayev Hacettepe Universiteti ilə müxtəlif istiqamətlərdə ikili diplom və “Erasmus” mübadilə proqramları çərçivəsində uğurlu əməkdaşlıq imkanlarının olduğunu deyib.
Rektor Mehmet Cahit Güran Azərbaycanın ən böyük ali təhsil müəssisəsi ilə əməkdaşlığın hər iki universitetə fayda verəcəyini bildirib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Türkiyənin ən nüfuzlu universitetlərindən biri olduğunu, burada 3 min 700-dən çox akademik heyətin çalışdığını və 53 mindən çox tələbənin təhsil aldığını diqqətə çatdırıb.
Sonra BDU ilə Hacettepe Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır. Sənəddə tələbələrin, akademik və inzibati heyətin, nəşrlərin və digər müvafiq materialların qarşılıqlı mübadiləsi, birgə seminar, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi öz əksini tapıb.
Əsası 1967-ci ildə qoyulmuş Hacettepe Universitetində 16 fakültə, 15 institut, 4 peşə məktəbi, 2 məktəb, 1 konservatoriya fəaliyyət göstərir. Universitetdə 98 tədqiqat mərkəzi mövcuddur.
Tarix: 25-12-2023, 22:40