“Azəralüminium” MMC tərəfindən Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün xüsusi təqaüd təsis edildi
Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyəti olan “Azəralüminium” MMC – dövlət müəssisəsi arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində ATU tələbələri üçün xüsusi təqaüd təsis edilib.
Bu barədə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla “Azəralüminium” MMC-ninun direktoru Maksim Cavadov arasında 15 dekabr 2023-cü il tarixdə keçirilən görüşdə razılaşma əldə olunaraq müvafiq saziş imzalanıb.
Razılaşmaya əsasən, xüsusi təqaüd universitetin texniki və texnoloji ixtisaslarında təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək. Təqaüd hər tələbə üçün 100 manat məbləğində müəyyən olunub və yeni təqvim ilindən etibarən hər ay verilməsi nəzərdə tutulub.
Müəssisə ilə universitet arasında əldə edilən digər razılığa əsasən, regionda məşğulluğa dəstək verilməsi baxımından Azəralüminiumun kadr ehtiyatının daim sabit saxlanılması sahəsində fəaliyyətinin təmin edilməsi, mütəxəssis hazırlığının keyfiyyətini yüksəldilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlanması məqsədilə Azəralüminium tərəfindən ATU-da 2 ixtisaslaşmış auditoriya qurulacaq. Yaxın zamanda auditoriyaların qurulması işlərinə başlanılacaqdır.
Görüşdə həmçinin "Metallurgiya mühəndisliyi" ixtisasının tədris planına müvafiq fənlər daxil etməklə onun yenilənməsi və bunun üçün birgə işçi qrupun yaradılmasına dair razılığa gəlinib.
Qeyd edək ki, universitet-sənaye əlaqələrinin gücləndirilməsini hədəfləyən Azərbaycan Texnologiya Universiteti son 1 ildə bir çox iri sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb, mövcud əlaqələri genişləndirib.
Tarix: 19-12-2023, 14:52