“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Dekabrın 11-də ölkəmizdə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik beynəlxalq konfrans təşkil olunacaq.
Beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.
Konfransın təşkilində əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanışlıqdır.
Elm və təhsil naziri Emin Əmrullayevin açılış nitqi ilə çıxış edəcəyi beynəlxalq konfransa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, UNICEF-in nümayəndələri, o cümlədən Türkiyə və Estoniyadan məruzəçilər, yerli mütəxəssislər qatılacaqlar.
Konfrans “Məktəbəqədər təhsildə uşaqyönümlü təhsilə keçid”, “Məktəbəqədər təhsildə effektiv idarəetmə”, “İcma, ailə və məktəbəqədər təhsil: səmərəli əməkdaşlıq” panellərindən ibarət olacaq.
Panellərdə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Təhsil və bacarıqlar şöbəsinin analitiki Nataniel Raynartsn, Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumi təhsil siyasəti departamentinin məktəbəqədər təhsil üzrə baş mütəxəssisi Tina Peterson, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin erkən inkişaf üzrə mütəxəssisi Vidur Çopra, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə təhsil mütəxəssisi Anna Berdzenadze, İstanbul Aydın Universitetinin müəllimi, Beynəlxalq Oyun Assosiasiyasının Türkiyə təmsilçisi, professor Belma Tuğrul, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində erkən inkişaf təhsili üzrə rəhbər Nigina Müzəffərova, Türkiyənin Məktəbəqədər Təhsilin İnkişafı Dərnəyinin sədr müavini, Çankırı Karatekin Universitetinin müəllimi Nihan Feyman Gök, Vaşinqton Universitetinin Braun sosial iş və ictimai səhiyyə fakültəsinin müəllimi Aytəkin Hüseynli təqdimatla çıxış edəcəklər.
Konfrans Təhsil TV vasitəsilə Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
Tarix: 8-12-2023, 13:29