Rektor: Dizayn fakültəsinin yaradılması bu ixtisas üzrə kadr hazırlığını daha da gücləndirəcək
İşğaldan azad olunmuş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Bu da ölkədə xüsusilə şəhərsalma mütəxəssislərinə, memarlara, inşaat mühəndislərinə olduğu kimi, dizaynerlərə də tələbatı xeyli artırıb. Tələbatın qarşılanması üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində Dizayn fakültəsi yaradılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində ölkəmizdə dizayn ali təhsilinin 25 illiyinə həsr olunmuş sərgidə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova söyləyib.
Rektor qeyd edib ki, Dizayn fakültəsinin yaradılmasına səbəb bu ixtisas üzrə hərtərəfli, daha keyfiyyətli, eyni zamanda, daha çox sayda kadr hazırlamaqdır.
“Universitetdə dizayn ixtisasının yaradılmasından sonra bu istiqamətdə tədqiqatlara başlanılıb, beynəlxalq əməkdaşlıq əlaqələri qurulub. Xüsusilə qeyd etmək lazımdır ki, xarici təcrübəni daha dərindən öyrənmək üçün 2018-ci ildə Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə imzalanmış “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”na əsasən universitetdə İtaliya-Azərbaycan Dizayn Mərkəzi yaradılıb. Azərbaycanda dizayn üzrə ali təhsilin Avropa standartlarına uyğun formalaşdırılmasında bu mərkəzin böyük əhəmiyyəti oldu. Mərkəzdə başladılan və uğurla davam etdirilən əlaqələr nəticəsində AzMİU ilə Milan Politexnik Universiteti arasında dizayn ixtisası üzrə ikili diplom proqramına başlanıldı və bu proqram davam edir.
Bu günə kimi 1400-ə yaxın məzunumuz olub. Əlbəttə ki, ölkəmizdə aparılan işlər fonunda bu, yetərli deyil. Yeni fakültənin yaradılması, dizayn üzrə kadr hazırlığının genişləndirilməsi və keyfiyyətin artırılması məhz bu çağırışa adekvat cavabdır”, - deyə rektor əlavə edib.
Tarix: 20-11-2023, 23:22