Laçında "Bayraq yürüşü"




AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Müdafiə Nazirliyinin nümayəndəsi, Elm və Təhsil Nazirliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova və digərləri tədbirdə iştirak ediblər.
Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söhbət açıb, azad olunan torpaqlarımızda sürətli tikinti-quruculuq işlərinin görüldüyünü vurğulayıblar.
Sonra muğam ifaçıları Ehtiram Hüseynov və Firuz Səxavətin ifaları dinlənilib.
Daha sonra yürüşə start verilib. Əsgərlər Dövlət Bayrağını 3 kilometrdən artıq yol qət edərək seyrangah adlanan əraziyə gətiriblər. Yürüş zamanı hərbi orkestrin ifasında vətənpərvərlik mahnıları səsləndirilib. Yürüşdə, ümumilikdə, 200-dən çox insan iştirak edib. Yürüş laçınlılar tərəfindən maraqla qarşılanıb.
Yürüşün keçirilməsində məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr − Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi “Bayraq yürüşü” təşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.

Tarix: 6-11-2023, 22:20
Xəbəri paylaş