Onlayn dezinformasiya: UNESCO sosial medianı tənzimləmək üçün fəaliyyət planını açıqladı
UNESCO-nun baş direktoru Odri Azule bazar ertəsi onlayn dezinformasiya və nifrət nitqinin güclənməsi ilə bağlı həyəcan təbili çalıb. Keçirdiyi mətbuat konfransında baş direktor onlayn dezinformasiyanı “sabitlik və sosial birliyə əsas təhlükə” kimi qiymətləndirib. O, bu bəlaya son qoymaq üçün UNESCO-nun geniş miqyaslı məsləhətləşmələrin nəticəsi olan fəaliyyət planını açıqlayıb. Bu plan təcili tədbirlərə ehtiyac olduğunu vurğulayan qlobal rəy sorğusunun nəticələrinə əsaslanır.
“Rəqəmsal texnologiya söz azadlığı sahəsində böyük irəliləyişə imkan verib. Lakin sosial media platformaları da yanlış məlumatların və nifrət nitqinin yayılmasını sürətləndirib və gücləndirib, cəmiyyətin birliyinə, sülhə və sabitliyə böyük risklər yaradır. İnformasiyaya çıxışı qorumaq üçün biz gecikmədən bu platformaları tənzimləməli, eyni zamanda ifadə azadlığını və insan hüquqlarını qorumalıyıq”,-deyə O.Azule bildirib.
YUNESKO-nun fəaliyyət planı son 18 ay ərzində 134 ölkədən toplanmış 10,000-dən respondentlə Birləşmiş Millətlər Təşkilatı sistemində görünməmiş miqyasda məsləhətləşmə prosesinin nəticəsidir. 40 səhifədən artıq fəaliyyət planı mötəbər prinsipləri, eləcə də bütün maraqlı tərəflər- hökumətlər, tənzimləyici orqanlar, vətəndaş cəmiyyəti və platformaların özləri tərəfindən həyata keçirilməli olan konkret tədbirləri ehtiva edir.
İfadə azadlığı qorunmalıdır
"Bizim fəaliyyətimiz bir mərkəzi tələbi rəhbər tutmuşdur: hər zaman ifadə azadlığının və bütün digər insan hüquqlarının qorunması. Sözün məhdudlaşdırılması dəhşətli həll yolu olardı. Müstəqil, keyfiyyətli və azad media və informasiya vasitələrinə malik olmaq, dezinformasiyaya qarşı ən yaxşı uzunmüddətli cavabdır”, - deyə baş direktor vurğulayıb.O əlavə edib ki, xüsusilə, platformalarda kifayət qədər sayda və sosial medianın bütün əsas dillərində danışan ixtisaslı moderatorlardan ibarət komandalar olmalıdır ki, onlar onlayn yerləşdirilən məzmuna etibarlı və effektiv nəzarət edə bilsinlər. Onlar moderasiya prosesinin, o cümlədən alqoritmlər vasitəsilə avtomatlaşdırıldığı zaman şəffaflığı təmin etməlidirlər. Onlar həmçinin fəaliyyət göstərdikləri ölkənin bütün əsas dillərində onların istifadəsini asanlaşdırmalı və istifadəçilərin şikayətləri barədə məlumat verməlidirlər.
Qlobal sorğu təcili tədbirlərə ehtiyac olduğunu təsdiqləyir
YUNESKO-nun fəaliyyət planının dərci 2024-cü ildə seçkilərin keçiriləcəyi 16 ölkədə 8000-dən çox respondentin iştirak etdiyi YUNESKO üçün IPSOS tərəfindən keçirilən rəy sorğusu ilə müşayiət olunur. Bu, vətəndaşların 85%-nin onlayn dezinformasiyanın təsirindən narahat olduğunu göstərir.Eyni sorğu göstərir ki, vətəndaşların 87%-i bu dezinformasiyanın artıq ölkələrinin siyasi həyatına böyük təsir göstərdiyinə inanır və bunun növbəti ildə öz ölkələrində keçiriləcək seçkilərin nəticələrinə təsir edəcəyindən qorxur. Vətəndaşların 88%-i hökumətləri və tənzimləyiciləri sosial medianı tənzimləməklə bu problemi tez bir zamanda həll etməyə çağırır.
Oruc MUSTAFAYEV
Tarix: 6-11-2023, 21:48
Xəbəri paylaş