Elm və təhsil naziri Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Noyabrın 2-də elm və təhsil naziri Emin Əmrullayev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.
Görüş zamanı 2000-ci ildən Yaponiya hökuməti tərəfindən təqdim edilən “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı çərçivəsində təhsil sahəsi üzrə 89 layihənin həyata keçirilməsindən məmnunluq ifadə edilib. Eyni zamanda qarşıdan gələn illərdə sözügedən proqramın Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilən ehtiyac siyahısına uyğun olaraq həyata keçirilməsinə dair müzakirələr aparılıb.
Bundan əlavə, səfir Bakı Dövlət Universitetində tələbələrə yapon dilinin tədrisi məqsədilə Yaponiya hökumətinin dəstəyi ilə ötən 22 il ərzində 9 yapondilli mütəxəssisin Azərbaycana ezam olunduğunu qeyd edib. Sözügedən əməkdaşlığın növbəti illərdə də davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Yaponiya təhsil sisteminə xas olan Kumon metodunun Azərbaycanın ümumtəhsil məktəblərində tətbiqi imkanları müzakirə edilib.
Tarix: 3-11-2023, 21:09
Xəbəri paylaş