Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

DİA-nın nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin insan resurslarının inkişafına dair görüşdə iştirak edib


Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrində insan resurslarının İnkişafı” adlı II görüş keçirilib. Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan insan resurslarının inkişafına məsul qurumların rəhbərləri iştirak ediblər. İlk dəfə 2021-ci ildə Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın doqquzuncu iclasında imzalanmış protokol çərçivəsində iki ölkənin dövlət qulluqçularının hazırlanması və inkişafı sahəsində əməkdaşlığına dair qərar qəbul olunub. Protokola əlavə edilmiş Fəaliyyət Planında, həmçinin təhsil və insan resurslarının inkişafı ilə bağlı birgə fəaliyyətin qarşılıqlı münasibətlərə təkan verəcəyi vurğulanıb. Bu çərçivədə Türkiyə Prezidenti Administrasiyası İnsan Resursları Ofisinin rəhbərliyinin dövlət qulluqçularının təlim və inkişafı üçün vasitələrin tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə birgə fəaliyyəti nəzərdə tutulub. Budəfəki görüşün əsas məqsədi ölkə təcrübələrinin paylaşılması, ikitərəfli görüşlərin keçirilməsi və əməkdaşlığın möhkəmlənməsidir. Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Müasir dövlət idarəçiliyi çərçivəsində idarəedici kadrların səriştəsinin artırılması ilə bağlı problemlər” adlı paneldə “Dövlət idarəetmə texnologiyalarının səmərəliliyinin artırılması üçün insan potensialının yaradılması” mövzusunda məruzə ilə çıxış edib. Akademik U.Ələkbərov Azərbaycanın son illərdə iqtisadi, siyasi, humanitar, hərbi inkişafı ilə bağlı geniş məlumat verib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasını xüsusi vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın inklüziv inkişafı indeksinin iqtisadi baxımdan dünyanın inkişaf etmiş ölkələrdəkindən yüksək olması respublikanın iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. İnklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri böyükdür. U.Ələkbərov əldə olunan uğurların 44 günlük Vətən müharibəsi zamanı qazandığımız parlaq Qələbədə böyük payının olduğunu vurğulayıb. Təqdimat zamanı DİA tərəfindən həyata keçirilən beynəlxalq layihələr, sahə üzrə təcrübə, həmçinin gələcəkdə icrası planlaşdırılan işlər barədə ətraflı məlumat verilib. Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin nümayəndələrinin çıxışları dinlənilib, bu ölkələrin təcrübələrinin paylaşılması, gələcəkdə ikitərəfli görüşlərin keçirilməsi və Türkiyənin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatında İnsan Resurslarının İnkişafı İnstitutunun yaradılması ilə bağlı təklif irəli sürülüb. Tədbirdə Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Elvin Əzizbəyov da iştirak edib.


Tarix: 30-10-2023, 20:51

Xəbəri paylaş