BDU-da Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş “Ey yüksələn nəsil, istiqbal sizindir!” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirin moderatoru, Türk filologiyası kafedrasının dosenti Nurlanə Mustafayeva 100 illik yubileyini qeyd etdiyimiz Türkiyə Cümhuriyyətinin bütün türk xalqlarının, eləcə də müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş yaratmış böyük hadisə olduğunu bildirib. O, Türkiyə Cümhuriyyətinin böyük inkişaf yolu qət etdiyini, sosial-iqtisadi və siyasi inkişafa nail olduğunu, modern ordu qurulduğunu, ölkənin hərtərəfli güclənib, regional və beynəlxalq məsələlərdə söz sahibinə çevrildiyini qeyd edib.
Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının daim öz təsdiqini tapdığını, Azərbaycan və Türkiyənin qırılmaz tellərlə bir-birinə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Cümhuriyyətin 100-cü ildönümünün bayram kimi qeyd edilməsi bütün Türk dünyası üçün mühüm hadisədir. BDU-nun təhsil və ictimai həyatında fərqlənən 5 tələbəsi Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubiley tədbirlərində iştirak etmək üçün Ankaraya dəvət olunub.
Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuk Karakılıc Azərbaycan və Türkiyənin bütün səviyyələrdə bir-birini dəstəklədiyinirini, BDU ilə qardaş ölkənin universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyini söyləyib.
Türk filologiyası kafedrasının professoru, Milli Məclisin deputatı Jalə Əliyeva Türkiyə Cümhuriyyətinin qurulmasının tarixi ilə bağlı faktlara diqqət edərək, iki qardaş ölkə arasında olan münasibətlərin inkişafında görkəmli şəxsiyyət Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib.
Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, dosent Bənövşə Hacıyeva cümhuriyyətin qurulmasında tarixi şəxsiyyətlərin rolundan, Türk Dövlətləri Təşkilatının yaranması və güclənməsində Azərbaycan və Türkiyənin gördüyü işlərdən söz açıblar.
Tədbir tələbələrin çıxışları və bədii hissə ilə davam edib.
Tarix: 30-10-2023, 20:48