BDU-nun Şərqşünaslıq fakültəsində "Mənəvi dəyərlərimizdən gələcəyə baxış" adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə "Mənəvi dəyərlərimizdən gələcəyə baxış" adlı tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli hər bir milləti dünyada tanıdan, digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərin onun adət-ənənələri, mənəvi dəyərlər sistemi olduğunu bildirib. Qeyd edib ki, tolerantlığı ilə fərqlənən Azərbaycan əsrlər boyu yaşatdığı ənənələrə bu gün də sadiqdir. Hələ ötən əsrin 60-cı illərində Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev xalqın milli heysiyyətini gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün ardıcıl tədbirlər həyata keçirib. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkülü və inkişafına mühüm təsir göstərib. Bugünkü Azərbaycan həmin sağlam təməllər üzərində inkişaf edir.
Sonra çıxış edən tələbələr xalqımızın mədəni fikir tarixinin inkişafında iz buraxmış şəxsiyyətlər və mənəvi dəyərlərin dövlətçilik səviyyəsində təbliğini vahid siyasət kimi formalaşdırmış Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər barədə məlumat veriblər. Bildiriblər ki, “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” deyən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ənənələrini qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək tələbə-gənclərin üzərinə düşən əsas vəzifələrdəndir.
Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.
Tarix: 25-10-2023, 21:42