ADNSU-da SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın təqdimatı olub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Tədbirdə çıxış edən ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova tələbələri nəzəri bilikləri mənimsəməklə yanaşı, təcrübə prosesində də fəal iştirak etməyə və təcrübə proqramlarından yararlanmağa çağırıb.
SOCAR-ın Baş ofisinin işə qəbul və yerləşdirmə şöbəsinin rəisi Cavid Umbayev gənclərlə bağlı həyata keçirilən layihə və proqramlar haqqında məlumat verib. Artıq 3-cü dəfə keçirilən proqrama ötən il ADNSU-dan 15 nəfər tələbənin seçildiyini və SOCAR-da işlə təmin olunduğunu söyləyib.
Şirkətin yataqların işlənməsi üzrə vitse-prezidentinin müşaviri Şöhrət İsazadə təqaüd proqramlarından və bu proqramların gənclər üçün əhəmiyyətindən bəhs edib və öz təcrübəsini bölüşüb.
SOCAR-ın Baş ofisinin işə qəbul və yerləşdirmə şöbəsinin rəis müavini Həmid İsrafilov “Gənc İstedadlar Proqramı” haqqında təqdimatla çıxış edib. O, proqramın üstünlükləri, müraciət qaydaları, şərtlər, perspektivlər barədə tələbələrə məlumat verib.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, SOCAR tərəfindən istedadlı gənclərin potensialının aşkar edilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi məqsədilə 2022-2023-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin III və IV kurslarında, həmçinin magistratura pilləsi üzrə təhsil alan gənclərə təqaüd verilməsi, onların inkişafının təmin olunması və yüksək potensiallı gənclərin SOCAR-da işlə təmin edilməsi üçün “Gənc İstedadlar Proqramı” həyata keçirilir. Təcrübə müddətini və yekun seçim mərhələsini uğurla keçən namizədlərə iş təklifi olunur.
Tarix: 13-10-2023, 21:21