Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb



Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.
 
Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, “NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə və digər qonaqlar iştirak ediblər.
 
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxış edərək dövlət – özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki quruma təşəkkürünü bildirib. Mətin Kərimli qeyd edib ki, bu əməkdaşlıq təhsildə sosial sərmayələrin təşviqi üçün vacib nümunədir. Aparat rəhbəri memorandumun uğurlu nəticələrinin olacağına və gələcəkdə yeni layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.  
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında hazırkı əməkdaşlığın əhəmiyyətini vurğulayıb və əməkdaşlıq çərçivəsində qızların təhsili, eləcə də dövlət – universitet – sənaye işbirliyinə dair mümkün təşəbbüslərin dəstəkləniləcəyini qeyd edib.
 
“NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə öz növbəsində bildirib ki, təhsil sahəsi, insan kapitalının inkişafı holdinqin diqqət mərkəzindədir və bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilib.
 
Qeyd edək ki, “NEQSOL Holding” 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
 
2023–2024-cü tədris ili üzrə tələbə qızlar üçün təqaüd proqramına dair ətraflı məlumatı linkə daxil olmaqla əldə etmək mümkündür: https://bit.ly/3LIXf3O.


Tarix: 4-10-2023, 21:58

Xəbəri paylaş