Bakı Dövlət Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetində (BDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları BDU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş sərgiyə baxış keçiriblər.
Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, şanlı Qələbə tariximizin yazılmağa başlandığı gündən - 44 günlük Vətən müharibəsindən 3 il ötür. Məhz 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatları Qarabağımızın azadlığı uğrunda müqəddəs Vətən müharibəsinə çevrildi. Xalqımız Ali Baş Komandanımızın ətrafında “Dəmir yumruq” kimi birləşdi: “Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı. Peşəkar, cəsur Azərbaycan Ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabrın 8-də Qarabağın ürəyi Şuşanın azad edilməsi ilə Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi Milli Ordumuz düşməni kapitulyasiya aktı imzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu”.
Elçin Babayev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Bu Qələbə xalqımızın tarixində qazanılmış ən uca zəfərdir: “Adı dünya hərb tarixinə qızıl hərflərlə yazılan Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsi ilə bütün dünyaya cəsarətli və eyni zamanda, ədalətli müharibə aparmağın örnəyini göstərdi, müzəffər Ordumuzun yalnız işğalçı qüvvələrlə döyüşdüyünü, hər cür təxribatlara baxmayaraq, düşməndən fərqli olaraq, heç bir halda mülki əhalini hədəf seçmədiyini nümayiş etdirdi. Bu gün də azad Qarabağımızda miqyası heç bir ölçüyə gəlməyən nəhəng layihələr gerçəkləşdirilir. 30 il dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımız öz evlərinə qayıdır. Azərbaycan Prezidentinin birbaşa diqqəti ilə çox qısa zaman ərzində gerçəkləşdirilən bu layihələr dünyada heç bir siyasətçinin, dövlət başçısının edə bilməyəcəyi nəhayətsiz işlərdir. Lakin Vətən müharibəsindəki biabırçı məğlubiyyətindən sonra da düşmən öz məkrli niyyətindən əl çəkmədi. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, öz havadarlarına arxalanaraq terror aktları həyata keçirdi. Ordumuz düşmənə bu dəfə də layiqli cavabını verdi. Cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri ilə düşmən ağ bayraq qaldırdı. Bununla da Azərbaycan bütün torpaqlarında öz suverenliyini bərpa etdi. Biz bu qələbəni Xalq-Prezident-Ordu birliyi sayəsində qazandıq! Bu gün qalib dövlətimiz regionda əbədi sülhü də qazanmaq üçün səylərini uğurla davam etdirir”.
Rektor qeyd edib ki, BDU-nun professor-müəllim heyəti, tələbə və məzunları da savaşın ilk anlarından doğma Vətənimizin çağırışına səs verdilər. Çoxsaylı tələbə və məzunumuz könüllü cəbhəyə yollandı. Kollektiv ön cəbhədə olduğu kimi, arxa cəbhədə informasiya savaşına da töhfələr verdi. Şəhidlərimizin 20 nəfəri BDU-nun məzunlarıdır. Onların unudulmaz xatirəsi hər birimiz üçün müqəddəsdir.
Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Aprel döyüşlərinin qəhrəman şəhidi Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, şəhid gizir Vasif Hüseynovun bacısı Kəmalə Nəcəfova, Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi, Vətən müharibəsi şəhidi Saməddin Əmrahovun qızı Aysu Əmrahova, İnformasiya və sənəd menecmenti fakültəsinin qazi məzunu Qədir Daşdəmirov çıxışlarında Vətən müharibəsinin ən parlaq və şanlı səhifə kimi xalqımızın tarixində silinməz iz buraxdığını qeyd ediblər. Çıxışlarda xalqımızın Vətən müharibəsi günlərində bir yumruq kimi Müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında birləşdiyi bildirilib, müqəddəs şəhidlərimizin xatirəsinin əbədi yaşayacağına əminlik vurğulanıb.
Tarix: 27-09-2023, 20:41