Aşqarlar Kimyası İnstitutunda tədbir: Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!” mövzusunda tədbir keçirilib.
Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İnstitutun icraçı direktoru dosent Əfsun Sucayev bildirib ki, 27 sentyabr müasir tariximizə qəhrəmanlıq və şərəfli gün kimi daxil olduğu üçün heç zaman xalqımızın yaddaşından silinməyəcək: “Bu gün şəhidlərimizin xatirəsini anmaqla yanaşı, 44 günlük müharibənin qələbə hissini yaşayırıq. Məhz bu gündə uzun illər işğal altında qalan torpaqlarımızın azad olunmasına başladıq və 44 gün müddətində qəhrəman oğullarımızın canı, qanı hesabına bu şərəfli missiyanı yerinə yetirdik, gələcək nəsillərə saxlamadıq. Vətən müharibəsində institut əməkdaşlarımızın yaxın ailə üzvləri könüllü surətdə döyüşə gedib və qazi olaraq geri dönüblər. Onlardan ikisi hazırda bugünkü tədbirimizdə iştirak edir”.
Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova “Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!” mövzusunda təqdimatla çıxış edib.
Sonra Qarabağ qaziləri – mayor Elçin Allahverdiyev və Rüfət Salmanov keçdikləri döyüş yolundan, xalqın həmrəyliyi və birliyindən, onlara dövlət və xalqın yüksək diqqət və qayğısından danışıblar.
İnstitutun Qadınlar Şurasının sədri, professor Həqiqət Cavadova və aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru dosent Nüsrət Əliyev çıxış edərək 27 Sentyabr – Anım Gününün əhəmiyyətini vurğulayıb, bu günün şəhidlərimizin xatirəsinə böyük hörmət əlaməti olduğunu qeyd ediblər.
Çıxış edənlər Aşqarlar Kimyası İnstitutunun I Qarabağ müharibəsində Ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyini faktlarla qeyd ediblər.
Sonda qazilərə İnstitut Azad Həmkarlar Təşkilatı adından hədiyyələr təqdim olunub.
Tarix: 26-09-2023, 21:05
Xəbəri paylaş