Dövlət İdarəçilik Akademiyasında Bilik Günü qeyd edilib
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Əvvəlcə tələbələr və onların valideynlərinin akademiya ilə tanışlığı təşkil edilib. Onlara Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi barədə ətraflı məlumat verilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. DİA-nın rektoru akademik Urxan Ələkbərov tələbələri və müəllimləri yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış bu təhsil ocağının əldə etdiyi nailiyyətlərdən, respublikamız üçün idarəçilik sahəsində mütəxəssislər hazırlanması işində mühüm rolundan danışıb. Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə göstərdiyi qayğı və diqqətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran rektor akademiyanın ənənələrinə sadiq qalan tələbələrin biliyi, bacarığı ilə idarəçilik sahəsinə töhfə verəcəklərinə ümidvar olduğunu deyib. Qeyd edib ki, müasir dövrdə ölkənin gücü onun təbii sərvətləri ilə yanaşı, həm də insan potensialı ilə müəyyən edilir. Rektor 2023-2024-cü tədris ilində Dövlət İdarəçilik Akademiyasına qəbul olunanların əksəriyyətinin yüksək bal topladıqlarını diqqətə çatdırıb. Bildirib ki, onlardan 200 nəfər Siyasi idarəetmə, 238-si isə İnzibati idarəetmə fakültəsində təhsil alacaq. Magistratura pilləsində isə 170 nəfər təhsilini davam etdirəcək. Urxan Ələkbərov yüksək nəticələr göstərmiş gənclərin Dövlət İdarəçilik Akademiyasını seçməsini, bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Naxçıvan Muxtar Respublikası, mərkəzi icra hakimiyyəti orqanları, müxtəlif nazirliklər, şəhər və rayon icra hakimiyyətləri və digər dövlət orqanlarında çalışan dövlət qulluqçularının da rəhbər kadr kimi akademiyada magistratura təhsili almasının olduqca əhəmiyyətli hesab edildiyini diqqətə çatdırıb. Siyasi idarəetmə fakültəsinin dekanı dosent Murtaza Həsənov və İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev təbriklərini çatdırıb, gələcəkdə ölkəmizin uğurlar qazanmasında DİA məzunlarının imzasının daha da çox olacağına inamlarını ifadə ediblər. Daha sonra yüksəl bal toplayan tələbələr və onların valideynləri Dövlət İdarəçilik Akademiyasına qəbul olması ilə fəxr etdiyini bildirib, kollektivə yeni dərs ilində uğurlar arzulayıb.
Tarix: 15-09-2023, 20:00