Azərbaycan Texnologiya Universitetində II Beynəlxalq Konfrans öz işinə başlayıb
Azərbaycan Texnologiya Universiteti (ATU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans öz işinə başlayıb.
Hibrid qaydada baş tutan konfransın plenar iclası ATU-da keçirilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü və ATU-nun şəhid tələbə və məzunlarının abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan edilib. Ardınca Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Konfransın mövzusunun aktuallığından danışıb, konfransa 10 ölkədən 121 məqalənin göndərildiyini qeyd edib.
Daha sonra İKSAD-ın prezidenti Dr. Mustafa Latif Emek, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Mili Elmlər Akademiyasının vitse prezidenti akademik Rasim Əliquluyev çıxış edərək konfransın işinə uğurlar arzu ediblər.
Plenar iclasda Azəralüminium MMC Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərov və ATU İnnovasiya Mərkəzinin direktoru Şamo Salayevin məruzələri dinlənilib.
İclas zamanı İKSAD-ın Azərbaycan təmsilçisi Əlvan Cəfərov ATU-nun rektoru v.m.i.e. Yaşar Ömərova İKSAD-ın təltifnaməsini təqdim edib. Y.Ömərov isə İKSAD rəhbərliyinə hədiyyə etdiyi "Şuşa" tablosunu təqdim edib.
Konfrans öz işini 15 istiqamət üzrə bölmələrdə davam etdirib. Panellərin bir hissəsi Türkiyədə təşkil olunub.
Tarix: 22-09-2023, 09:47