ADNSU Əlcəzair Neft İnstitutu ilə əməkdaşlıq edəcək
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun Əlcəzair Neft İnstitutunun direktoru Abdelkader Guenounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Görüşdə V.Əskərov ADNSU-nun əməkdaşlığa açıq olduğunu deyib və təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, ADNSU-nun SOCAR ilə əlaqələri, Azərbaycan-Fransız Universiteti (UFAZ), təhsil müəssisəsində tədris prosesi haqqında məlumat verib.
ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalov universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında danışıb.
Əlcəzair Neft İnstitutunun baş direktoru Abdelkader Guenoun rəhbərlik etdiyi təhsil müəssisəsindən, ixtisaslaşmış proqramlardan bəhs edib. O, neft sənayesində ixtisaslı mütəxəssislərin formalaşdırılması üçün təcrübənin və istehsalat müəssisələrinə səyahətin vacibliyini bildirib.
A.Guenoun ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.
Sonra iki təhsil müəssisəsi arasında tələbə-müəllim mübadiləsi, müştərək perspektiv layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlıqla bağlı razılıq əldə olunub.
Nümayəndə heyəti ADNSU-nun Mineralogiya muzeyi, laboratoriyaları ilə tanış olub.
Tarix: 20-07-2023, 22:34