BDU-da Portuqaliyanın Tomar Politexnik İnstitutunun nümayəndə heyəti ilə görüş
Bakı Dövlət Universitetində (BDU) “Erasmus KA 171” beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində Portuqaliyanın Tomar Politexnik İnstitutunun nümayəndə heyəti ilə görüş olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tomar Politexnik İnstitutunun vitse-prezidenti Nuno Madeyra, professor Vasko Silva, İdarəçilik məktəbinin Elmi şurasının prezidenti Selio Marques və beynəlxalq əlaqələr şöbəsinin müdiri Mariya Katroqanın iştirak etdikləri görüşdə BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verib. Universitetdə 16 fakültənin fəaliyyət göstərdiyini qeyd edən E.Babayev BDU-da 25 minə yaxın tələbənin təhsil aldığını bildirib.
Rektor BDU-nun beynəlxalq əlaqələrində Avropa dövlətləri, o cümlədən Portuqaliyanın universitetləri ilə əməkdaşlığa xüsusilə önəm verildiyini vurğulayıb.
Sonra BDU ilə Tomar Politexnik İnstitutu arasında təhsilin müxtəlif istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı anlaşma memorandumu, ikili diplom proqramı layihələri, o cümlədən “Erasmus KA 171” proqramı çərçivəsində tələbə, akademik və inzibati heyətin mübadiləsi müzakirə olunub.
Nuno Madeyra Tomar Politexnik İnstitutunun fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib, ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb.
Qonaqlar BDU-nun maddi-texniki bazası ilə tanış olub, iki universitet arasındakı əməkdaşlığın uğurlu olacağını diqqətə çatdırıblar.
Tarix: 20-07-2023, 22:18