Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə sənəd qəbulu iyulun 14-də yekunlaşır
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu iyulun 14-də başa çatacaq.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, proqrama prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə top onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər.
Qeyd edək ki, proqrama müraciət edən namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə namizəd tələb olunan sənədləri elektron ərizə sistemində yaratdığı “Şəxsi kabinet”ə əlavə etməklə ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun gələn namizədlərin müraciətləri dəyərləndirilir və müsbət qiymətləndirilən şəxslər aidiyyəti üzrə növbəti mərhələyə buraxılırlar.
Müvafiq elanın mətni ilə nazirliyin saytından tanış olmaq mümkündür.
Tarix: 12-07-2023, 21:29