Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Tatneft” şirkəti Aşqarlar Kimyası İnstitutu ilə əməkdaşlığa böyük önəm verir


Rusiya Federasiyası Tatarıstan Respublikasının “Tatneft” şirkətinin nümayəndə heyətinin bu yaxınlarda ölkəmizə səfəri çərçivəsində əldə olunmuş razılaşmaya uyğun olaraq videokonfrans keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. “TANECO” ASC və “VNİİUS” SC-nin mütəxəssislərinin də qatıldığı tədbirin əsas məqsədi bu şirkətin institut ilə sürtkü yağları üçün aşqarlar istehsalının təşkili sahəsində mümkün əməkdaşlıq məsələlərinin müzakirəsi olub.
Görüşdə çıxış edən “Tatneft”in neft və qaz emalı sahəsinin rəhbəri, “TANECO” ASC-nin baş direktoru İlşat Salaxov bildirib ki, Tatarıstanın Almetyevsk şəhərində yerləşən “Tatneft” Rusiyanın ən böyük 5 neft şirkətindən biridir. O, həmçinin Azərbaycanın tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş İttifaqda aşqarların işlənib hazırlanması və istehsalının da məhz ilk dəfə olaraq respublikamızda Aşqarlar Kimyası İnstitutu tərəfindən həyata keçirilməsindən məlumatlı olduğunu diqqətə çatdırıb.
İ.Salaxov Aşqarlar Kimyası İnstitutunun keçmiş SSRİ və MDB məkanında müvafiq sahədə fəaliyyətini elmi əsaslar üzrə davam etdirən yeganə elmi mərkəz olduğunu bildikləri üçün təmsil etdiyi şirkətin sürtkü materialları üçün aşqarların alınması, istehsalının təşkili ilə bağlı elmi-innovativ əməkdaşlıq etməyə böyük maraq göstərdiyini bildirib.
Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin elmə göstərdiyi diqqət və qayğı nəticəsində Aşqarlar Kimyası İnstitutu bu gün də böyük nüfuza malikdir: “Aşqarlar Kimyası İnstitutu Sovetlər Birliyinin müvafiq sahədə üç elmi mərkəzindən biri olub. İttifaq respublikaları müstəqil olandan sonra həmin mərkəzlərdən ikisi ləğv olunub. Sevindirici haldır ki, Aşqarlar Kimyası İnstitutu öz varlığını qoruyub saxlaya bilib və bu gün fəaliyyətini elmi əsaslarla davam etdirən yeganə ixtisaslaşmış elmi müəssisədir”.
Vaqif Fərzəliyev qeyd edib ki, “Tatneft” kimi böyük neft-qaz emalı şirkətinin Aşqarlar Kimyası İnstitutu ilə əməkdaşlığa önəm verməsi bu elmi mərkəzin həm keçmişi, həm də indiki böyük elmi potensialına inam və etibarın məntiqi nəticəsidir.
Görüşdə tərəflər arasında prioritet istiqamətlər üzrə əməkdaşlığın konkret yolları, mövcud problemlər və onların həlli yolları haqqında fikir mübadiləsi aparılıb və əməkdaşlıq üçün yol xəritəsinin hazırlanmasının vacibliyi qərara alınıb.


Tarix: 12-07-2023, 00:31

Xəbəri paylaş