Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Ali Neft Məktəbində Məzun Günü keçirilib




SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti Məzun Günü keçirilib. Bu, ali məktəbin bakalavriat səviyyəsi üzrə 7-ci, magistratura səviyyəsi üzrə 5-ci məzun buraxılışıdır.
BANM-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra SOCAR tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanan videoçarx nümayiş etdirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əldə olunan mühüm nailiyyətlərin təməlini qoyduğu qeyd olunub. Ulu Öndərin gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi, gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov əlamətdar gün münasibətilə məzunları təbrik edərək onlara uğurlar arzulayıb. Rektor bildirib ki, 2022/2023-cü tədris ilində Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 160, magistratura səviyyəsindən 98 nəfər olmaqla, ümumilikdə 258 tələbə məzun olur: “Yüksək bal toplayaraq ali məktəbimizin tələbəsi olmuş, burada təhsil aldıqları müddətdə peşəkar kadr kimi yetişmiş bu məzunlar karyera və növbəti təhsil pilləsinə qədəm qoyurlar. Böyük qürurla vurğulamaq istərdim ki, bu il məzun olan tələbələrimiz də uğurları ilə seçilir, SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, xarici şirkətlərdə, özəl və dövlət qurumlarında çalışır, dünyanın nüfuzlu universitetlərinə qəbul olur, təqaüd qazanırlar. Bu il bakalavriat səviyyəsindən məzun olan 160 nəfərin 54 faizi işləyir, 33 faizi nüfuzlu xarici universitetlərdə təqaüdlə təhsil alacaq, digərləri iş təkliflərini dəyərləndirirlər. Magistratura səviyyəsindən məzun olan tələbələrin 79 faizi çalışır. Məzunların 21 nəfəri SOCAR-ın Gənc İstedadlar Proqramının iştirakçısıdır. Əldə etdiyimiz nailiyyətlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olan, onun Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi fəaliyyətə başladığı gündən yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar hazırlamaq missiyasını uğurla yerinə yetirib və yetirməkdə davam edir”.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək məzunlara həyatlarının bu yeni mərhələsində uğurlar arzulayıb və Bakı Ali Neft Məktəbinin müasir standartlara cavab verən infrastruktura, yüksək tədris mühitinə malik ali təhsil ocağı olduğunu, burada tələbələrin savadlı kadr kimi yetişdiyini bildirib. Nazir bu məzunların ölkəmizə, dövlətimizə faydalı vətəndaş olacaqlarına inandığını bildirib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında məzunları, onların valideynlərini təbrik edərək, məzunların ölkəmizin inkişafına töhfə verəcəyinə, həmçinin SOCAR-ın qarşısına qoyduğu hədəflərə çatmaqda böyük rol oynayacağına əminliyini ifadə edib. Rövşən Nəcəf professor-müəllim heyətinə də təşəkkür edərək, burada tələbələrin peşəkar kadr kimi yetişməsində onların əməyinin böyük rolu olduğunu vurğulayıb. SOCAR-ın prezidenti məzunlara uğurlar arzulayıb və sürətlə dəyişən dünyada daim inkişaf etməyi, öyrənməyi tövsiyə edib.
Məzunları təbrik edən, onlara uğurlar arzulayan BP şirkətinin Azərbaycan, Türkiyə, Gürcüstan üzrə regional prezidenti Qəri Counz SOCAR-ın Bakı Ali Neft Məktəbi yaradılandan BP şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirildiyini, bir sıra layihələr icra olunduğunu bildirib. O qeyd edib ki, Bakı Ali Neft Məktəbinin tələbələri BP şirkətində təcrübə keçir, müxtəlif proqramlarında uğurla iştirak edir, həmçinin məzunları BP-də müxtəlif vəzifələrdə çalışırlar.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Bakı Ali Neft Məktəbində əmək bazarının tələbatına cavab verən ixtisaslarda peşəkar kadrlar yetişdiyini bildirib və burada yaradılan şəraitə görə SOCAR rəhbərliyinə, peşəkar mütəxəssis hazırlayan professor-müəllim heyətinə təşəkkür edib. Nazir müavini məzunlara uğurlar arzulayaraq əldə etdikləri bilik və bacarıqları daim inkişaf etdirməyi tövsiyə edib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 5 il öncə abituriyent olaraq gərgin müsabiqədə iştirak edib, yüksək bal toplayıb Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanan məzunları təbrik edərək, onlara uğurlar arzulayıb. O, BANM-də yüksək səviyyəli tədris mühiti yaradıldığını, burada təhsil alan tələbələrin müasir dövrün bilik və bacarıqlarına yiyələndiklərini bildirib.
Çıxışlardan sonra 2023-cü il məzun buraxılışı üzrə ali məktəbin birincisi - “İlin tələbəsi”, Kimya mühəndisliyi ixtisasının məzunu Afaq Həşimova adını fəxri kötüyə həkk edib. O, BANM-in məzunu olmaqdan qürur duyduğunu bildirib, mütəxəssis kimi yetişməsində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan rəhbərliyə, fədakar müəllimlərə təşəkkür edib.
Əcnəbi tələbələr adından Neft-qaz mühəndisliyi ixtisasının məzunu, BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) təqaüdü ilə təhsil alan nigeriyalı tələbə İnyama Somtoçukvu Çidinma Azərbaycan dilində çıxış edərək, Bakı Ali Neft Məktəbinin ona qazandırdıqlarından danışıb, həmçinin “Sarı gəlin” mahnısını ifa edib.
Məzun Günü diplomların təqdimolunma mərasimi ilə davam etdirilib.
Məzunların diplomlarının təqdimatından sonra tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsi üzrə Neft-qaz mühəndisliyi ixtisasından 54, Kimya mühəndisliyi ixtisasından 42, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasından 40, İnformasiya təhlükəsizliyi ixtisasından isə 24 nəfər, magistratura səviyyəsi üzrə mühəndislik ixtisaslarından 16, MBA proqramından isə 82 tələbə məzun olur. Bu tədris ilində Fərqlənmə diplomu alan tələbələrin sayı 18 nəfərdir.


Tarix: 7-07-2023, 19:00

Xəbəri paylaş