Azərbaycan elm və təhsilinin inkişafında Heydər Əliyev epoxası
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan elm və təhsilinin inkişafında Heydər Əliyev epoxası” adlı beynəlxalq elmi konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı Ulu Öndərin 100 illik yubileyi çərçivəsində universitetdə silsilə tədbirlər keçirildiyini və bunun davamlı olacağını deyib. Dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açan rektor ölkədə bütün sahələrdə, o cümlədən elm və təhsilin inkişafında, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsində əsaslı təməlin məhz Ulu Öndər tərəfindən qoyulduğunu diqqətə çatdırıb.
Konfransda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu Öndər Heydər Əliyevin ölkəmizin tarixində misilsiz xidmətlərini qeyd edərək milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin Azərbaycan xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə apardığını deyib.
Sonra Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Oleq Baulinin konfrans haqqında videomüsahibəsi dinlənilib.
Konfrans çərçivəsində Milli Məclisin deputatı Anar İsgəndərov, Qazi Universitetinin professoru Selma Yel, AMEA Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov Ulu Öndərin Vətənə və xalqa sonsuz sevgisindən, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək fəaliyyət nümunəsindən, ölkəmizin davamlı inkişafının təməl prinsiplərindən söz açıblar. Qeyd edilib ki, bu gün Azərbaycan dünyada nüfuzlu, təhlükəsiz, abad və inkişaf etmiş dövlətlərdən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin bütün sahələrdəki zəngin fəaliyyəti Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq.
Tarix: 5-07-2023, 19:30