Bu il Azərbaycan Tibb Universitetini 1217 tələbə bitirib
İyulun 1-də Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin “Məzun günü” keçirilib. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev “Məzun günü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir tarix kimi qalacağını bildirib. Nazir vurğulayıb ki, hər bir dövlətin inkişaf yolunda və uğurlarının arxasında xalqına, vətəninə bağlılığı olan tarixi şəxsiyyətlər dayanır: "Bu il Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında xüsusi yer tutan iki böyük şəxsiyyətin - müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlamətdardır. Müstəqil dövlətimizdə hər sahədə olduğu kimi, səhiyyənin və tibb təhsilinin də inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əhalinin sağlamlığının qorunmasını ölkə siyasətində ən mühüm məsələlərdən hesab edən Ulu Öndər səhiyyənin tərəqqisi, maddi-texniki bazasının gücləndirilməsi, yeni tibb müəssisələrinin açılması üçün zəruri addımlar atıb. Tibb İnstitutunun məzunu olan görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyeva sonralar da öz doğma ali məktəbi ilə əlaqələrini kəsmədi. Təbabət elminə və tibb təhsilinə böyük töhfələr vermiş Zərifə xanımın tələbələri, onun əsərləri ilə formalaşan mütəxəssislər nəsli bu gün yeni həkim kadrları və təbabət alimləri hazırlığı sahəsində əzmlə çalışırlar.
Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti, bacarıqlı rəhbərliyi və gərgin zəhməti sayəsində Azərbaycan hər sahədə inkişaf edir. Dövlət başçısının rəhbərliyi altında əhalinin sağlamlığının qorunması sahəsində də böyük nailiyyətlər əldə olunur, səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır. Tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, səhiyyənin maliyyələşdirilməsində köklü islahatlar aparılır, rəqəmsallaşma təminatlı keyfiyyətli tibbi xidmət istiqamətində işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, özü də ixtisasca həkim olan Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir".
"Azərbaycanın ilk ali məktəblərindən biri olan Tibb Universiteti onilliklər boyu səhiyyə ocaqları üçün yüksəkixtisaslı həkim kadrları yetişdirib. Hazırda bu qocaman tibb təhsil ocağı yeni təhsil standartlarına əsaslanaraq, müasir informasiya texnologiyalarından istifadə edərək beynəlxalq akkreditasiyadan keçmiş tədris proqramları ilə yüksəkixtisaslı mütəxəssislər hazırlayır. Onun hər buraxılışı səhiyyəmiz və təbabətimiz üçün əlamətdar hadisədir. Əminəm ki, sizlər hər bir vətəndaşımız üçün sağlam və uzunömürlü həyatın təmin edilməsində bələdçilik edən işıq olacaqsınız”, - deyə səhiyyə naziri məzunları təbrik edib.
Universitetin rektoru, professor Gəray Gəraybəyli gələcəyin həkimlərinə karyeralarında uğurlar diləyərək, ATU-nun məzunu adını hər yerdə uca tutmağı arzulayıb. Rektor tədbir iştirakçılarına ATU-nun fəaliyyəti, son illər tədris prosesində aparılan islahatlar, tətbiq edilən yeniliklər, yüksəkixtisaslı kadrların hazırlanması üçün görülən işlər barədə də məlumat verib. Qeyd olunub ki, 2022-2023-cü tədris ilində Azərbaycan Tibb Universitetindən 1217 tələbə məzun olub. Onlardan 152 nəfəri universiteti fərqlənmə ilə bitirib. Məzunlar arasında 389 nəfəri əcnəbilərdir. Müvafiq olaraq I Müalicə-profilaktika fakültəsindən 393, II Müalicə-profilaktika fakültəsindən 371, İctimai səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə 69, Stomatologiya fakültəsindən 224, əczaçılıq fakültəsindən 115, hərbi fakültədən 45 tələbə məzun olub.
Sonra məzunlar Hippokrat andı içiblər. Onlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər.
Tədbirdə təhsilini əla qiymətlərlə başa vuran məzunlara və Azərbaycan Tibb Universitetinin ictimai həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub. Diplomları səhiyyə naziri Teymur Musayev və ATU-nun rektoru Gəray Gəraybəyli təqdim ediblər.
Daha sonra ATU-nun professor-müəllim heyəti və valideynlər məzunları təbrik edərək, onlara gələcək peşə fəaliyyətlərində həkim adının müqəddəsliyini doğruldacaqlarına inandıqlarını söyləyiblər.
Tədbir tanınmış sənət adamlarının çıxışı ilə davam edib. ATU-nun tələbələri də sənətçilərlə eyni səhnəni bölüşüblər. Universitetin hərbi fakültəsinin tələbələri vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Tarix: 2-07-2023, 10:00