BMU-İNHA ikili diplom proqramına 2023-2024-cü tədris ili üzrə qəbul davam edir
Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2023-2024-cü tədris ili üçün onlayn qeydiyyat prosesi davam edir. Qeydiyyatın bitmə tarixi 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim olunmalıdır.
İngilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına informasiya texnologiyaları ixtisası üzrə 35, inşaat mühəndisliyi ixtisası üzrə 25, elektrik mühəndisliyi ixtisası üzrə 28 və elektronika mühəndisliyi ixtisası üzrə 35 nəfər olmaqla ümumilikdə 123 nəfərin qəbulu nəzərdə tutulur.
Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. Azərbaycan Respublikasının vətəndaşı olan və 2023-cü ildə DİM imtahanlarından uğurla keçərək (1-ci ixtisas qrupunun abituriyentləri) BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müsabiqədə iştirak edə bilərlər.
Proqrama müraciət edən namizədlər üçün daxili imtahan riyaziyyat, fizika və ingilis dili üzrə yazılı formada təşkil olunacaq. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” doldurmaq mütləqdir.
BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də elan ediləcək.
Qeyd edək ki, proqramın tədrisi 3 il müddətində BMU, 1 il müddətində isə İNHA Universitetində nəzərdə tutulur. Tədrisin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.
Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Koreya Respublikasında 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşılanır.
Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.
Tarix: 25-06-2023, 19:44
Xəbəri paylaş