Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADA Universiteti akademik ili iki nüfuzlu beynəlxalq keyfiyyət nişanı almaqla tamamlayıb

ADA Universiteti THE (Times Higher Education) tərəfindən bu yaxınlarda dərc edilən reytinq cədvəlinə daxil edilib.
ADA Universitetinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin dördüncüsü olan “Keyfiyyətli təhsil” məqsədinə uyğunluğu və fəaliyyətinin cəmiyyətə təsiri qiymətləndirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, 1300-dən çox universitet arasından seçilən ADA reytinqdə ilk 200 ali təhsil müəssisəsi sırasında yer alıb.
ADA Universitetin 3 meyar üzrə keyfiyyət göstəriciləri qiymətləndirildikdən sonra beynəlxalq reytinqə daxil edilib. Həmin meyarlara “Tədris prosesində iştirak edə biləcək məzunların nisbəti”, “Ömürboyu təhsili təşviq edən tədbirlərin keyfiyyəti” və “Birinci nəsil tələbələrin nisbəti” daxildir.
Qeyd edək ki, “Times Higher Education” tərəfindən 2004-cü ildən etibarən tərtib edilən bu siyahı dünyanın ən nüfuzlu reytinqlərindəndir. Qiymətləndirmə tədris, tədqiqat və təsiri əhatə edən 3 istiqamətdə 11 göstərici üzrə aparılır.
İkinci bir keyfiyyət nişanı ADA Universitetinə ABŞ-ın “Anthology” Təhsil və Tədqiqat Mərkəzi tərəfindən təqdim edilib. Belə ki, Universitet “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin “Rəqəmsal tədris və öyrənmə üzrə mükəmməllik Mərkəzi” adına layiq görülüb.
Qiymətləndirmədə “Rəqəmsal pedaqogika”, “Rəqəmsal transformasiya”, “Tələbələrin təhsildə iştirakçılığı və nailiyyəti” və “Qiymətləndirmə və təhsil”i əhatə edən 4 istiqamət üzrə standartlar dəyərləndirilib.
Qeyd edək ki, ADA Universiteti beynəlxalq təhsil mühitində “Anthology” tərəfindən bu ada layiq görülən ikinci ali təhsil ocağıdır. Bakıda keçirilən 6-cı “ADA 2023 Beynəlxalq Təhsil Konfransı”nda bununla bağlı keyfiyyət nişanı “Anthology”nin nümayəndəsi tərəfindən ADA Universitetinə təqdim edilib.
ADA Universiteti beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması, təhsil proqramlarının qabaqcıl təcrübəyə uyğunlaşdırılması istiqamətində səylərini davam etdirir.



Tarix: 25-06-2023, 19:40

Xəbəri paylaş