Ölkəmizdə ana və uşaqların sağlamlığı ilə bağlı cari vəziyyət müzakirə edilib
Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayı çərçivəsində “Sağlam nəsil Azərbaycanın uğurlu gələcəyidir” mövzusunda "dəyirmi masa" təşkil olunub.
İctimai Səhiyyə və İslahatlar Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, UNİCEF, TƏBİB, Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu və QHT-lərdən nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti Təranə Tağı-zadə görüşün məqsədindən, ana və uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, bu sahədə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində sosial yönümlü siyasətinin icra vəziyyəti, eləcə də qurultayın panel iclaslarında dinləniləcək, pediatriyanın aktual problemlərinin araşdırılması və həlli yollarının göstərilməsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məruzələrin əhəmiyyətindən danışıb.
Təranə Tağı-zadə “APA-nın səhiyyə sektorunda təcrübəsi: dünən, bu gün, sabah” mövzusunda təqdimatla çıxış edib. Azərbaycan pediatriya məktəbinin şərəfli ənənələrini qoruyan assosiasiyanın uzunmüddətli tarixi dövründə səhiyyəmizə verdiyi töhfələrdən, elmi və praktik fəaliyyətindən söz açıb. Qeyd edib ki, assosiasiya uşaqların sağlamlığının mühafizəsi istiqamətində dövlət siyasətini prioritet vəzifə kimi əsas tutaraq, bu istiqamətdə məqsədyönlü fəaliyyətini həyata keçirir, xarici və beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirir, uşaq sağlamlığı ilə bağlı ixtisaslaşmış qurum və təşkilatların işindən bəhrələnir, onlarla təcrübə mübadiləsi edir.
"Dəyirmi masa"da səhiyyə ekspertləri regionlarda ana və uşaq sağlamlığının mühafizəsində ASM və perinatal mərkəzlərin rolu, bu sahədə dövlət siyasəti və proqramlar, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətində standart və klinik protokolların rolu, nadir xəstəliklər və neonatal skrininq proqramları və beynəlxalq təcrübə, ana ölümlərinin azaldılmasında uğurlu startegiyalar, son 5 ildə 1 yaşadək uşaqlar arasında ölüm hallarının təhlili və azaldılması yolları kimi məsələlərlə bağlı təqdimatlar ediblər.
Təqdimatlarda bildirilib ki, ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir. Ötən müddət ərzində ölkəmizdə bu sahədə bir çox nailiyyətlər əldə edilib. Ana və uşaqların sağlamlığının qorunması məqsədilə dövlət proqramları icra edilməkdədir. Yaradılan perinatal mərkəzlərin müasir avadanlıqlarla təchizatı yenilənir. Tibb müəssisələrində perinatal xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həkim-mütəxəssislər təcrübə proqramlarına cəlb edilir. Ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət irəliləyiş müşahidə edilməkdədir.
"Dəyirmi masa"da ekspertlər uşaq və yeniyetmələrin sağlamlığının yaxşılaşdırılmasında səhiyyə sisteminin cari fəaliyyəti, bu sahədə mövcud problemlər, onların həllinə yönəlmiş beynəlxalq təcürübənin öyrənilməsi və tətbiqi məsələlərini də müzakirə ediblər.
Azərbaycan Pediatrlar Assosiasiyası
[email protected]
Tarix: 25-06-2023, 11:03