Emin Əmrullayev: Hazırda bazarda plagiat dərslik və dərs vəsaitlərinin sayı azalıb
Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi dəyirmi masanın mövzusu olduqca vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda dəyirmi masada çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazirliyin Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq etdiyini diqqətə çatdıran Emin Əmrullayev hazırda bazarda plagiat dərslik və dərs vəsaitlərinin sayının azaldığını bildirib.
Nazir qeyd edib ki, əqli mülkiyyət hüququ həm də mədəniyyət, davranış, dəyər məsələsidir. Bunun üçün kiçik yaşlardan başlamaq lazımdır. Yəni insan 40 yaşına çatanda əqli mülkiyyətlə yenicə tanış olmamalıdır. Məktəb illərindən digər insanın zəhmətinə hörmət etmək çox vacibdir. Bunu şagirdlərə aşılamaq lazımdır.
Çıxışında ənənəvi təhsildən yeni təhsilə keçməyin vacib məsələ olduğunu deyən nazir STEAM layihəsinin əhəmiyyətinə toxunub. Qeyd edib ki, bu layihə, eyni zamanda, şagirdlərdə yaradıcılığı inkişaf etdirir, onların potensialının üzə çıxmasına kömək edir. Bütün bunlar, eyni zamanda, yaradıcı şagirdlərdə, həm də başqasının əməyinə, yaradıcılığına hörmətlə yanaşmaq kimi düşüncənin formalaşmasına kömək edir.
Tarix: 24-06-2023, 14:13