Elm və təhsil naziri ADPU ilə ABŞ universitetinin ikili diplom proqramının məzun günündə iştirak edib
"ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasındakı ikili diplom proqramı onlarla gəncimizə ən yaxşı təhsil imkanlarından faydalanmaq fürsəti verir. Bu proqram üzrə ümumilikdə 130-a qədər gəncimizin təhsil siyasəti və idarəçiliyi sahəsində beynəlxalq səviyyəli mütəxəssislər kimi yetişdirilməsi gözlənilir".
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 23-də keçirilən ADPU-CVU ikili diplom magistr proqramının ikinci məzun buraxılışı tədbirindəki çıxışı zamanı deyib.
Emin Əmrullayev təhsil idarəçiliyi sahəsində beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi və yüksək səviyyəli gənc mütəxəssislərin hazırlanmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq proqramın icrasını müsbət qiymətləndirib. Nazir bildirib ki, son bir neçə ildə Azərbaycan universitetləri ilə xarici universitetlər arasında ikili diplom proqramlarının icrası nəticəsində yüzlərlə potensiallı gəncə ölkəni tərk etmədən dövlət hesabına nüfuzlu universitetlərdə təhsil almaq imkanı yaradılıb.
Tədbirdə “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Kolin Qrin, habelə diplomatik korpus, özəl sektor nümayəndələri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, ADPU və Corc Vaşinqton Universitetinin nümayəndələri və proqram məzunları iştirak ediblər.
ADPU-nun rektoru Cəfər Cəfərov çıxışında qeyd edib ki, 3 ildir icra olunan proqramdan ötən il məzun olan ilk 22 nəfər indi təhsil və iqtisadiyyatın müxtəlif sahələri, özəl və dövlət sektoru, eləcə də ictimai sektorda uğurla fəaliyyət göstərir. Bu gün isə proqramı uğurla başa vuran növbəti 19 şəxsin məzun buraxılışı qeyd edilir.
Sonra CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Kolin Qrin məzunları təbrik edib, dekan Maykl Foyerin isə videotəbriki nümayiş etdirilib.
Sonda məzunlara fəxri diplomlar təqdim olunub.
Tarix: 24-06-2023, 14:00