Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransının açılış mərasimində iştirak edib

“UNEC-in ənənəvi olaraq hər il keçirdiyi konfrans təhsilin keyfiyyətinə, eləcə də beynəlxalq reytinqlərə müsbət təsir göstərir. Universitetlərin reytinqlərinə təsir edən əsas amil elmi araşdırmalardır”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 22-də İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransın açılış mərasimində çıxışı zamanı deyib.
 
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən konfrans “Bir əsrin iqtisadi nəticələri” mövzusuna həsr olunub. 
 
Konfransın açılışında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru Ədalət Muradov, TÜRKSOY-un baş katibi Sultan Raev, ölkəmizin və xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim və tədqiqatçıları iştirak ediblər. 
 
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə yerli və xarici tədqiqatçıların birgə hazırladıqları “Bir əsrin iqtisadi portreti” adlı kitab sərgisi ilə tanış olublar. Konfrans çərçivəsində Azərbaycanın milli-mədəni irsini əks etdirən sənət əsərlərinin nümayiş etdirildiyi “Əsrin 100 çaları” adlı rəsm sərgisinin açılışı olub. Eyni zamanda, şəhid övladlarının əl işlərindən ibarət rəsm əsərləri sərgilənib. 
 
Açılış nitqi ilə çıxış edən Ədalət Muradov bildirib ki, “İnternational Conferences”, “World Conferences” kimi platformaların daimi üzvü olan və bu il beşincisi keçirilən beynəlxalq konfrans özünəməxsus nailiyyətləri ilə elmi ənənəyə çevrilib. Rektor konfransda Böyük Britaniya, İsveçrə, Avstriya, Macarıstan, Türkiyə, İsrail, Ukrayna, Rumıniya, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrin nüfuzlu 13 universitetinin tərəfdaş qismində iştirak etdiyini deyib.
 
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev konfrans iştirakçılarını salamlayaraq ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. 
 
TÜRKSOY-un baş katibi Sultan Raev də öz növbəsində Heydər Əliyevin türk dünyasının birliyi istiqamətində gördüyü işlərdən danışaraq konfransın işinə uğurlar arzulayıb. 
 
Sonra Fransanın Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş Jan Pere və ABŞ-nin “Klivlend” klinikasının həkimi Şapur Ənsarinin ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdükləri videoçıxışlar nümayiş etdirilib.  
Çıxışlardan sonra rəsm əsərləri nümayiş olunan şəhid övladlarına fəxri fərmanlar təqdim edilib. 
 
Qeyd edək ki, iyunun 25-dək davam edəcək konfrans öz işini onlayn formatda müzakirələrlə yekunlaşdıracaq.


Tarix: 22-06-2023, 20:30

Xəbəri paylaş