Bu il ADA Universitetindən 600-dək tələbə məzun olub
İyunun 13-də ADA Universitetində “Məzun günü” keçirilib. Tədbirdə tələbələrlə yanaşı, onların ailə üzvləri, professor-müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir Universitetdə təhsil alan əcnəbi tələbələr tərəfindən təmsil edilən ölkələrin bayraqlarının səhnəyə gətirilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra, tədbirin aparıcıları Mənzər Əmirli və Qədir Səfərli builki bakalavr məzunları adından çıxış etmələri üçün İnci Rüstəmovanı və Fatimə Davudlunu, magistr məzunlarını təmsil etməsi üçün isə Murad Malik Aslanovu səhnəyə dəvət ediblər.
ADA təhsili sayəsində əldə etdikləri nailiyyətlərdən bəhs edən və yenicə məzun olmağa hazırlaşan çıxışçılar buradakı təhsil dövrü ərzində yaşadıqları ən unudulmaz anları yada salıblar. Məzunlar onların akademik, şəxsi və peşəkar inkişafında əvəzsiz rolu olan ADA Universitetinin müəllimlərinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal tələbələrin, məzunların və müəllim heyətinin uğurlarından söhbət açıb.
“Hansı ildə məzun olmanıza baxmayaraq və harada olmanızdan asılı olmayaraq, sizin daim ADA dəyərlərinin daşıyıcısı olacağınıza və burada aşılanan layiqli vətəndaş prinsiplərinə hər zaman sadiq qalacağınıza əminəm”, - deyə bildirən Vəfa Kazdal onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Mərasimdə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov və ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edərək məzunlara peşəkar həyatlarında uğur qazandıracaq dəyərli tövsiyələr verib.
Çıxışlar başa çatdıqdan sonra akademik işlər üzrə prorektor Vəfa Kazdal və ADA Universitetinin Tələbə qəbulu və qeydiyyat şöbəsinin direktoru Günay Ziyadova səhnəyə dəvət edilib və bununla da diplomların təqdimolunma mərasimi elan edilib.
Diplomlar ixtisaslar üzrə müvafiq olaraq İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, Biznes fakültəsinin dekanı Hüseyn İsmayılov, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov, Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova və Hüquq fakültəsinin dekanı Rəşad İbadov tərəfindən təqdim edilib.
Qeyd edək ki, tədbirin qonaqları qismində mədəniyyət naziri Adil Kərimli, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Kərimov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər dövlət qurumlarından səlahiyyətli şəxslər iştirak ediblər.
Rektor Hafiz Paşayevin ADA Universitetininin 2023-cü il məzunlarını elan etməsindən sonra tədbirin rəsmi hissəsi başa çatıb və bədii proqrama keçid edilib. Məzunlar klassik və müasir musiqilərin fonunda əyləncəli anlar keçiriblər.
Xatırladaq ki, ümumilikdə 2022-2023-cü akademik il üzrə ADA Universitetində 8 bakalavr və 8 magistr ixtisası üzrə 571 tələbə məzun olub. Məzun olan tələbələrin 548-i yerli, 23-ü isə əcnəbidir.
Bu il məzun olan əcnəbi tələbələr 14 ölkəni təmsil edirlər. Həmin ölkələr arasında Belarus, Gürcüstan, İndoneziya, İran, Meksika, Moldova, Mozambik, Özbəkistan, Qazaxıstan, Rusiya Federasiyası, Seyşel Adaları, Sudan, Tacikistan, Ukrayna yer tutur.
Tarix: 13-06-2023, 22:44