Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Təhsilimiz: dünəndən sabaha” adlı elmi-praktik konfrans keçirilib








İyunun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  “Təhsilimiz: dünəndən sabaha” adlı elmi-praktik konfrans keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və ADPU-nun təşkilatçılığı ilə baş tutub.
 
Humanist Pedaqogika üzrə Beynəlxalq Təhsil Təşkilatları Assosiasiyasının prezidenti, Əməkdar müəllim Asif Cahangirovun 75 illiyinə həsr edilən konfransa Qazaxıstan, Yeni Zelandiya, Rusiya, Gürcüstan və Azərbaycandan elm və təhsil xadimləri qatılıblar.

Konfransın məqsədi dünəndən sabaha yönələn təhsili müzakirə etmək, təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün perspektivləri nəzərdən keçirmək, qabaqcıl beynəlxalq təcrübə və yeni yanaşmalarla tanış olmaqdır.

“Optimist baxışlarla” devizi altında “T-Network” platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə yubiliyarın elmi-pedaqoji fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
 
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov Elm və Təhsil Nazirliyinin dəstəyi ilə rəhbərlik etdiyi ali təhsil müəssisəsində pedaqoji elmə töhfələr verən alimlərin irsinin tanıdılmasına həsr olunmuş tədbirlərin ənənəvi xarakter aldığını diqqətə çatdırıb. Rektor çıxışında Asif Cahangirovun təhsil sahəsində zəngin təcrübə və dayanıqlı səriştələrə malik olduğunu vurğulayıb, ona xatirə hədiyyəsi təqdim edib.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son bir əsrdə Azərbaycan təhsilinin inkişafının müxtəlif ictimai-siyasi şəraitlərdən keçərək bir çox sınaqlara məruz qaldığını diqqətə çatdırıb.
 
Vətən müharibəsindəki tarixi zəfərimizə toxunan Emin Əmrullayev diqqətə çatdırıb ki, bu il ilk dünyəvi məktəbimiz olan Şuşa şəhəri 1 nömrəli məktəbin təmirdən sonra açılışı olacaq. Bu, tarixi zəfərimizin və Azərbaycan təhsilinin böyük simvoludur.

Elm və təhsil naziri çıxışında  Azərbaycan təhsilində tədqiqatlara əsaslanan elmiliyi artırmağın zəruriliyini vurğulayıb. Nazir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər olan dövr üçün təhsilin inkişafı baxımından əsas hədəflərin əks olunduğunu və bu istiqamətdə planlı fəaliyyətin icra edildiyini bildirib.
 
Sonda nazir qeyd edib ki, təhsilin inkişafında son illərin əhəmiyyətli yanaşmalarından biri də Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarına qatılmasıdır.
 
Sonra Əməkdar müəllim Asif Cahangirov, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin fəxri prezidenti Şalva Amonaşvili, Yeni Zelandiyadan olan təhsil üzrə məsləhətçi Qreem Pollok, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva və digər iştirakçılar çıxış ediblər.
 
Tədbirdə Asif Cahangirova Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin ali mükafatlarından olan “Ruh qəhrəmanı” ordeni təqdim olunub.
 
Elmi-praktik konfrans bədii qiraət dəqiqələrindən sonra müzakirələrlə davam etdirilib.
 


Tarix: 11-06-2023, 22:22

Xəbəri paylaş