ATMU-da “All about Banking” layihəsi yekunlaşıb
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı prosesində məqsədli layihələrin icrasına da xüsusi əhəmiyyət verilir. Universitetin Karyera və kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “All about Banking” adlı növbəti layihəyə yekun vurulub.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, may ayından başlanan silsilə təlimlərin əsas iştirakçıları ATMU-nun tələbələri olub. Layihədə tələbələrlə bank sektorunda uğur qazananların görüşlərinin təşkili, peşəkar vərdiş və təcrübə potensialından yararlanmaq imkanları, bank mühiti ilə yaxından tanışlıq, karyera qurmaq və digər məsələlər əksini tapıb.
“All about Banking” layihəsinin icrası günlərində Azərbaycan Banklar Assosiasiyasının layihələr üzrə meneceri Elçin Həsənov, “Rabitəbank”ın Riteyl bankçılıq departamentinin əməkdaşları Şahlar Muradlı və Gülşən Əsgərli, “Bank Respublika”nın Aqro və mikro kreditlər departamentinin meneceri Qurban Xələfov, “Yelo Bank”ın İşə qəbul üzrə baş mütəxəssisləri Aygün Məhərrəmova-Kazımova və Günel Əhmədzadə, “Kapital Bank”ın İşçi seçimi və yerləşdirilməsi şöbəsinin müdiri Nərgiz Əzimova və Mühasibat uçotu şöbəsinin müdiri Anar Akifli bank sahəsinin incəlikləri və başlıca səriştələri barədə danışıblar.
ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, şöbənin mütəxəssisi Lalə Qafarova, Tələbə Elmi Cəmiyyətinin sədri Rəşad Süleymanov və 50-dən çox tələbənin qatıldığı “All about Banking” adlı silsilə təlimlər layihəsində xüsusi fəallıq göstərən bir qrup tələbəyə sertifikatlar verilib.
Tarix: 8-06-2023, 15:04