AMEA-nın institutlarında struktur dəyişikliyi edilib
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında baxılan məsələlərdən biri də müasir dövrün çağırışlarına uyğun olaraq, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun strukturunda dəyişiklik edilməsi olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
İclasda vurğulanıb ki, hazırda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi istiqamətlərindən birini etnoqrafik tədqiqatlar təşkil edir, lakin etnoqrafiya elm sahəsi kimi əsasən etnosların adət və ənənələrini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənir. İnstitutda etnoqrafik tədqiqatlar Türk xalqlarının etnoqrafiyası, Tarixi etnoqrafiya və Müasir dövr etnoqrafiyası şöbələri tərəfindən həyata keçirilir. Təhlillər göstərir ki, müəssisədə aparılan etnoqrafik tədqiqatlar daha çox tarixi istiqaməti əhatə edir. Buna görə də etnoqrafik tədqiqatların A.A.Bakıxanov adına Tarix İnstitutunun fəaliyyət istiqamətləri ilə daha da sıx əlaqələndirilməsinə böyük ehtiyac yaranıb.
Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil olan Türk xalqlarının etnoqrafiyası, Tarixi etnoqrafiya və Müasir dövr etnoqrafiyası şöbələri öz ştat vahidləri ilə birlikdə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutuna keçirilib.
Akademik İsa Həbibbəyli bildirib ki, bu qərar müasir dövrün çağırışları işığında etnoqrafiya elmini daha da inkişaf etdirəcək, onu etnologiya elmi səviyyəsinə qaldıracaq və yeni mərhələdə aparılan tədqiqatların gələcəkdə Tarix İnstitutunda nəşri planlaşdırılan “Etnologiya” jurnalında çap olunması təmin ediləcək.
İclasda, o cümlədən professor Abbas Seyidovun ərizəsi əsasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad olunması qərara alınıb.
Tarix: 28-05-2023, 21:06