BDU-nun Tarix fakültəsinin tələbələri Quba Soyqırımı Memorial Kompleksində
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin IV kurs tələbələri Quba rayonunda tədris təcrübəsi keçir.
Bu barədə AZƏRTAC-a müsahibəsində fakültənin tədris işləri üzrə dekan müavini Elşən Aslanov məlumat verib. E.Aslanov bildirib ki, tədris təcrübəsində fakültənin 148 tələbəsi iştirak edir. Onlar rayondakı tarixi abidələrlə, o cümlədən Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olurlar.
Tələbələrə, eyni zamanda, abidələrin tarixi haqqında ətraflı məlumat verilir.
2007-ci ildə Quba şəhərində aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olub.
Qeyd edək ki, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qubada “Soyqırımı Memorial Kompleksi” yaradılıb.
E.Aslanov bildirib ki, tədris təcrübələri tələbələrin təhsil aldıqları ixtisas üzrə biliklərinin daha da artırılmasında əhəmiyyətli rol oynayır.
Tarix: 25-05-2023, 17:39