Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsilin İnkişafı Fondu “Sözdən əmələ: Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” dəyirmi masa görüşündə iştirak edib









Azərbaycan Tibb Universiteti tərəfindən təşkil edilən konsultativ xarakterli görüşdə Azərbaycanda tibb sahəsində fəaliyyət göstərən əksər elmi-tədqiqat institutları və müəssisələr, Səhiyyə nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Təhsilin İnkişafı Fondu, dövlət və özəl xəstəxanaları, iri klinikalar və tibb xidmətləri sferasındakı bir sıra qurumların rəhbərləri iştirak ediblər. Görüşün məqsədi ATU məzunlarının məşğulluğunun təmin olunması ilə bağlı fikir mübadiləsinin keçirilməsi olub.
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli açılış nitqində qeyd edib ki, ali məktəbin əsas missiyaları sırasında keyfiyyətli təhsil verilməsi ilə yanaşı, əmək bazarında uğurla fəaliyyət göstərən, insanların sağlamlığının keşiyində duran və ictimaiyyətə böyük elmi və praktiki töhfə verən məzunların hazırlanması da daxildir. ATU məzunlarının işlə təmin olunması üçün maraqlı tərəflərin nümayəndələri ilə müzakirələrin aparılması önəmlidir.
Daha sonar çıxış edən ATU-nun İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva “Sözdən əmələ. Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” adlı təqdimatla çıxış edərək bir sıra statistik məlumatları açıqlayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək ali təhsil müəssisələrinin əsas göstəricilərindən biri kimi məzunların əmək bazarında işlə təmin olunmasını qeyd edib. Bu istiqamətdə təhsil müəssisələrinin işəgötürənlər və sənaye ilə qarşılıqlı əməkdaşlığının vacibliyi vurğulanıb. Ali təhsil müəssisələrində Himayədarlar Şuralarının yaradılması və burada işəgötürənlərin nümayəndələrinin iştirakı, eləcə də TİF tərəfindən sənaye və universitet işbirliyi mərkəzlərinin yaradılması təklif olunub.
Tədbirdə, Səhiyyə nazirliyi, TƏBİB və digər qurumların nümayəndələri çıxış edib. Qeyd olunub ki, ATU tələbələrinin müvafiq bacarıq və məşğuliyyət imkanlarının yaxşılaşdırılması üçün tədris proqramının və fənlərin inkişafı və yenilənməsi, rəqabətədavamlılığın və innovasiyaların dəstəklənməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılmasına ehtiyac var.
Görüş iştirakçıları yerli, regional və milli səviyyələrdə bacarıq və kadr çatışmazlığı probleminin həll edilməsi üçün bacarıqların formalaşdırılması, məşğulluq, təhsil və sosial təminat sahəsində inkişaf edən tələbat əsasında yeni ixtisaslarla bağlı təkliflərin hazırlanması mövzusu ilə bağlı təklif və fikirlərini bölüşüblər.


Tarix: 24-05-2023, 22:42

Xəbəri paylaş