Texnologiya Universitetinin tarixində ən böyük məzun yarmarkası keçirilib
Azərbaycan Texnologiya Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Tədbirin rəsmi hissəsi Dövlət Himni səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib.
Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov giriş sözü ilə çıxış edib, universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb. Sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzinin müdir müavini Toğrul Yusifli çıxış edərək işə götürənlərə və iş axtaranlara uğurlar arzulayıblar.
Rəsmi hissədən sonra ATU-da il məzun olacaq 660 tələbə və magistr, eləcə də ötən illərin məzunları işəgötürənlərin stendlərinə yaxınlaşaraq vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər. İşaxtaranlara CV formalarını həm də onlayn təqdim etmək üçün internetə çıxış təmin edilib.
Azəralüminium, AzerGold, Azərsun Holding, Qəbələ Konserv zavodu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, Şəmkir Aqroparkı kimi dövlət və özəl müəssisələri, Paşa Bank, Kapital Bank, Bank of Baku və.s banklar yarmarkada işəgötürənlər qismində çıxış edib.
Ümumilikdə əmək yarmarkasında 40-dan çox müəssisə tərəfindən 400-dən artıq vakansiya təqdim olunub. Tədbir universitet tarixində miqyasına görə ən böyük məzun yarmarkası olaraq qeydə alınıb.
Tarix: 23-05-2023, 20:51