Azərbaycan dili fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri müzakirə edilib
Mayın 22-də Dövlət İmtahan Mərkəzində (DİM) “Azərbaycan dili fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri” mövzusunda dəyirmi masa keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dili fənnindən buraxılış imtahanlarının nəticələri” mövzusunda təqdimatla çıxış edib, 2022-2023-cü tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlilini təqdim edib. DİM-in Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva isə “Xarici dillərin qiymətləndirilməsi” mövzusunda təqdimat edib.
Təqdimat mövzuları ətrafında müzakirələr aparılıb, buraxılış imtahanlarında Azərbaycan dili fənni üzrə istifadə olunmuş tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə və məzmun standartlarına uyğunluğu, mətnlərin məzmununun Azərbaycan dilinin nitq normalarına, dil qaydalarına və üslubi imkanlarına uyğun olması, xarici dil fənlərindən fərqli olaraq, bir tədris dili kimi Azərbaycan dili fənninin tədrisinə verilən tələblərin daha ciddi olması məsələləri müzakirə edilib.
Müzakirədə Azərbaycan dilinin tədrisində bir çox problemlərin olduğu, müvafiq fənn üzrə tədrisin səviyyəsini yüksəltməyə böyük ehtiyac duyulduğu qeyd edilib. Məktəblilər üçün orfoqrafiya və orfoepiya lüğətinin təkmilləşdirilməsi zərurəti diqqətə çatdırılıb, Azərbaycan dili fənninin tədrisi ilə bağlı şagirdlərə təqdim edilən mətnlərin məzmununa, həcminə verilən tələblər müzakirə edilib.
Milli Məclisin deputatı akademik Nizami Cəfərov, akademiklər Möhsün Nağısoylu və Muxtar İmanov qeyd ediblər ki, Azərbaycan dili fənni üzrə oxuyub-anlama, yazı bacarıqlarının qiymətləndirilməsinə xarici dil fənləri ilə müqayisədə daha ciddi tələblər qoyulmalıdır. Buna səbəb kimi şagirdlərin gələcək həyatında ana dili üzrə oxuyub-anlama, yazı bacarıqlarının önəmli rol oynaması göstərilib, həm fərdi inkişafda, həm də cəmiyyətin tərəqqi etməsində ana dilinin inkişafının rolu xüsusi qiymətləndirilib.
Göstərilən məsələlərlə bağlı fikir və təkliflər irəli sürülüb.
Müzakirə nəticəsində buraxılış imtahanlarında Azərbaycan dili fənni üzrə istifadə olunmuş tapşırıqlarla yoxlanılan bilik və bacarıqların fənn kurikulumunun təlim nəticələrinə və məzmun standartlarının tələblərinə uyğun olduğu öz təsdiqini tapıb.
Tarix: 22-05-2023, 19:30