Tbilisi Dövlət Universitetində Azərbaycanşünaslıq fakültəsi açılacaq
Gürcüstanın nüfuzlu İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Azərbaycanşünaslıq fakültəsi açılacaq. Bu istiqamətdə hazırlıq işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə universitetin rektoru Jaba Samuşia məlumat verib. Onun sözlərinə görə, hazırda TDU-da Qafqazşünaslıq ixtisası daxilində 50 tələbə Azərbaycan dili və tarixini öyrənir. Tələbələr bakalavriat səviyyəsində Azərbaycan dilini beş semestr ərzində öyrənirlər. Dilin öyrənilməsinə danışıq, yazı və dinləmə daxildir. Bu proqram çərçivəsində Azərbaycan tarixi və Azərbaycan mədəniyyəti də tədris edilir.
“Hazırda bu proqramda 50 tələbə qeydiyyatdadır. Yaxın gələcəkdə bu kabinetin daxilində azərbaycanşünaslıq üzrə ayrıca bir istiqamətin əsasının qoyulmasını planlaşdırırıq”, - deyə rektor bildirib.
Tarix: 20-05-2023, 23:08