Elitar Gimnaziyada “Atatürkü Anma, Gənclik və İdman Bayramı” Günü qeyd olunub
Azərbaycan gənclərinin gələcəyi məktəblərdə verilən tədrislə bərabər, onların fərdi qabiliyyətlərinin inkişaf etdirilməsi üçün həyata keçirilən layihələrdən asılıdır. Elm və Təhsil Nazirliyinin təşəbbüsü, iştirakı və təşkilatçılığı ilə həyata keçirilən layihələr bu sahədə ciddi əhəmiyyət kəsb edir.
“Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilən OCEP - Olimpiya Mədəniyyəti və Təhsil Proqramı Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir.
2022-ci ildən OCEP layihəsində qardaş Türkiyəni təmsil edən Elitar gimnaziya Azərbaycan - Türkiyə dostluğuna daim sadıq qalan, bu dostluğu daim möhkəmləndirməyə çalışan təhsil müəssisələrindən biridir.
Bu günlərdə İlyas Əfəndiyev adına Elitar gimnaziyada OCEP layihəsi çərçıvəsində 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı Günü münasibətilə tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Türkiyə Cümhuriyyətinin təhsil müşaviri Nurullah Feyzi Yazıçı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, birincı müavini Gülarə Verdiyeva, Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar şöbəsinin müdiri Mehman Kərimov, komitənin əməkdaşı Ruslan Məmmədov, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova, “Qubadlı fatehi” Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova tədbirin qonağı olublar.
Tədbirdə Elitar gimnaziyanın şagirdlərinin nitqində xalqımızın Ümummilli lideri Heydər Əliyevin, Ulu Öndər Mustafa Kamal Atatürkün, Prezidentimiz - Ali Baş Komandan İlham Əliyevin sitatları - müdrik kəlamları dinlənildi. Azərbaycan – Türkiyə dostluğundan bəhs edən videoçarx nümayış etdirildı.
Gimnaziyanın balaca balalarının hazırladığı “Zaybek” və “Ay-ulduz” rəqsi qonaqlar tərəfindən alqışlarla qarşılandı və 10-A sinif şagirdinin ağır atletika üzrə idmançı Naim Süleymanoğlunu təsvir edən çıxışı maraqlı oldu.
OCEP layihəsi çərçivəsində müxtəlif tədbirlərdə iştirak edib uğur qazanmış şagirdlər qonaqlara təqdim olundu.
Tədbir boyu duyğulu anlar yaşayan qonaqlar çıxış edərək şagirdləri təbrik edib gələcək layihələrdə uğurlar arzu etdilər.
Tarix: 18-05-2023, 22:10