BDU-da “Heydər Əliyev mühazirələri”: akademik Nizami Cəfərovla görüş
“BDU könüllüləri” təşkilatının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə reallaşdırdığı “Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü keçirilib.
Layihənin qonağı Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov olub.
O, tələbələrə “Heydər Əliyev və dil siyasəti” mövzusunda mühazirə oxuyub. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin genişmiqyasılı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutub. Ümummilli Liderin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib: “Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ümummilli Lider ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi. BDU-nun 50 illik yubiley tədbirində Heydər Əliyev rus dilində deyil, doğma ana dilində çıxış edib. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm ziyalılarımızın böyük rəğbətini qazanıb, həm də onlara mənəvi dəstək verib. Müstəqillik dövründə də dahi rəhbərin Azərbaycan dilinə, onun inkişafına verdiyi töhfələr əvəzsizdir və bu gün də öz bəhrəsini verir”.
Sonda Nizami Cəfərov tələbələri maraqlandıran sualları cavablandırıb.
Tarix: 17-05-2023, 21:19