Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AzMİU əməkdaşları Yıldız Texniki Universitetində olublar




Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika kafedrasının baş müəllimi Reyhan Əkbərli və Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova “Erasmus” beynəlxalq mübadilə proqramı çərçivəsində Türkiyənin Yıldız Texniki Universitetində (YTU) ezamiyyətdə olublar.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. AzMİU-nun əməkdaşları YTU-nun beynəlxalq əlaqələr üzrə koordinatoru Murat Turhan və “Erasmus” üzrə koordinatoru Armağan Akkoçla görüşüblər. Görüşdə YTU-nun beynəlmiləlləşmə strategiyası və təcrübəsi öyrənilib, “Erasmus” proqramının uzadılması istiqamətində müzakirələr aparılıb. Mövcud əməkdaşlıq müqaviləsi əsasında tələbə, tədqiqatçı və müəllimlərin mübadiləsi məsələsinə toxunulub.
AzMİU-nun əməkdaşları YTU-nun İnşaat fakültəsində də məsul şəxslərlə görüşlər keçiriblər. Fakültənin dekanı professor Şükrü Ersoyla və kafedraların rəhbərləri ilə əməkdaşlıq istiqamətində söhbətlər aparılıb, iki universitet arasında müəllim mübadiləsi, ixtisasartırma və təcrübə məsələlərindən danışılıb. Bununla yanaşı, elmi tədqiqatçılara ikili rəhbərlik, beynəlxalq layihələrdə birgə əməkdaşlıq, elmi jurnallarda məqalələrin yayımlanması kimi məsələlərə diqqət çəkilib. Eləcə də laboratoriyalarda tədqiqat aparmaq imkanının təmin olunması və gələcəkdə magistratura səviyyəsi üzrə ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.
Görüşlər zamanı YTU-nun müvafiq ixtisas müəllimlərinin AzMİU-da tədrisə cəlb olunması da müzakirə edilib.
Reyhan Əkbərli və Könül Şirinova YTU-da dərslərə də qatılıb, tədrisin təşkili və metodikasını öyrənib, tədqiqat laboratoriyaları ilə yaxından tanış olublar.


Tarix: 17-05-2023, 14:59

Xəbəri paylaş