Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astarada təhsil festivalı keçiriləcək
Mayın 20-də Astara rayonu dənizkənarı park-bulvar kompleksində təhsil festivalının keçirilməsi nəzərdə tutulur.
Festival Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.
Festivalda Elm və Təhsil Nazirliyinin rəsmiləri, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər olmaqla ümumilikdə 5000-dən çox izləyicinin iştirakı gözlənilir.
Təhsil festivalının gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, intellektual oyunlar, təhsil proqramları, ixtisas seçimi, təhsil kreditləri və müxtəlif mövzulara dair mühazirələr daxildir.
Qeyd edək ki, təhsil festivalı regionda təhsil sahəsinə həsr olunan və yerli ali təhsil müəssisələri, təhsil mərkəzləri, eləcə də regionun kiçik və orta biznes sahibkarlarını bir araya gətirən irimiqyaslı regional tədbirdir.
Tarix: 15-05-2023, 23:06