Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi”




Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” mövzusunda Respublika elmi konfransı keçirilib. 
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib.  
Konfransın plenar iclasında Milli Məclisin komitə sədri Sadiq Qurbanovun “Heydər Əliyev: zamandan uca insan” və BDU-nun Türk xalqları tarixi kafedrasının müdiri, professor  Əsməd Muxtarovanın “Heydər Əliyevdən “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnala gələn yol” mövzusunda məruzələri, həmçinin Qafqaz tarixi kafedrasının professoru Qabil Əliyev, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev, kafedranın dosenti Ələmdar Şahverdiyevin çıxışları dinlənilib. Çıxışlarda Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı ilə ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğu, sabitliyin bərqərar olduğu, xarici siyasətdə böyük uğurlar qazanıldığı vurğulanıb.  
Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında BDU, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının, həmçinin BDU SABAH qrupları tələbələrinin məruzələri dinlənilib. 
 


Tarix: 10-05-2023, 21:27

Xəbəri paylaş